Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür backend

Bu günün rəsmiləşdirilməsi üçün ziyalılar Prezidentə müraciət ediblər

Qaziler.az saytı bildirir ki, bir neçə gün öncə Azərbaycanın tanınmış ziyalıları Prezident İlham Əliyevə müraciət edərək 30 iyunun Milli Sevgililər Günü olaraq rəsmiləşdirilməsi ilə bağlı müraciət ediblər. Bildirilir ki, aydınların bununla əlaqədar Prezidentə ünvanladığı məktub Mədəniyyət nazirliyinə yönəldilib. Müraciətə cavab olaraq Mədəniyyət nazirliyindən gələn məktubda qeyd olunub ki, belə günlər (Sevgililər Günü) Prezidentin fərmanı və ya sərəncamı ilə rəsmiləşdirilə bilməz. "30 İyun Sevgililər Gününü siz istədiyiniz formada və istədiyiniz yerdə qeyd edə bilərsiniz. Bunun üçün heç bir qadağa yoxdur"- məktubda belə deyilir.

Qeyd edək ki, 30 iyun 20 Yanvar şəhidləri olan İlham Allahverdiyev və Fərizə Allahverdiyevanın qovuşduqları gün - toy günləridir. Onların müqəddəs sevgisi Azərbaycan gəncliyi üçün örnək, simvoldur.

Onların toy günü 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

Xatırladaq ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

Fərizə Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. Cütlük İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurur.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilə aparıb.

İlhamı həmin müdhiş gecə, "20 Yanvar" dairəsində vurulub. Onu elə həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

İlhamın yoxluğuna dözməyən Fərizə gecə hər kəs yuxuya getdikdən sonra sirkəni içərək intihar edir.

O bətnindəki körpəni də özü ilə məzara aparıb...