AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İntitutunun arxeoloji ekspedisiyası Gəncə şəhəri ərazisində yerləşən arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi işi aparıblar.
May ayının sonlarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlar aparmışdır. Tədqiqat qrupu Gəncə-Qazax bölgəsində çalışan ekspedisiya rəhbərlərindən və region üzrə arxeoloji araşdırma təcrübəsinə malik gənc tədqiqatçılardan təşkil olunmuşdu.İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi qısa müddət ərzində Gəncə şəhəri ərazisində mövcud arxeoloj abidələrin elektron qeydiyyata alınması və xəritələşməsi işindən ibarət olmuşdur. Gəncə şəhəri ərazisində aparılmış arxeoloji kəşfiyyat tədqiqatları ümumi sahəsi 300 kv. km-dək olan ərazini əhatə etmişdir. Şəhərin ərazisinə baxış keçirilərkən yeni arxeoloji abidələrin mövcud olması ekspedisiya tərəfindən müəyyən olunub.
Google Earth proqramı vasitəsilə şəhərin ərazisi təhlil edilmiş və əraziyə baxış keçirilən zaman aşkar edilmiş yeni arxeoloji abidələrin GPS koordinatları götürülmüşdür.
Şəhər ərazisində yeni aşkar edilmiş arxeoloji abidələr əsasən, kurqan tipli qəbir abidələrindən ibarətdir. Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş 62 (altmış iki) kurqan tipli qəbir abidələri qeydiyyata alınmış və xəritəyə salınmışdır.
Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid edilməsi ehtimal olunur. Ekspedisiya tərəfindən aşkarlanmış və elmi dövriyyəyə “Gəncə kurqanları” kimi daxil edilmiş abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdirlər. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılmışdır. Ekspedisiya üzvlərinin yekdil rəyinə görə, bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılması zəruridir.
Eyni zamanda ekspedisiya üzvləri Samux rayonu ərazisində yerləşən və Cənubi Qafqazda ərazisinə görə ən böyük şəhər yerlərindən biri olması ehtimal edilən Şəhərburnu abidəsinə də baxış keçirmişlər.
Ekspedisiya üzvləri AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevlə və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşlərdə bölgə üzrə arxeoloji tədqiqatların intensivləşməsi və tarixi abidələrin qorunması mövzusunda fikir mübadiləsi aparmışlar, tədqiqatlar zamanı göstərilən dəstəyə görə təşəkkürlərini bildirmişlər.