Bir sirli şəklin izi ilə: Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib FOTOFAKT

Bir sirli şəklin izi ilə: Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib FOTOFAKT backend

Tərəf.az illərdir sosial şəbəkələrdə böyük marağa və şayiələrə səbəb olan bir fotonun izi ilə gedərək bu sirri açmağa çalışıb.

Çoxları bu şəkli görüb, hərə bunu bir cür yozub. Bu şəkil hətta dünya mediasında da işıq üzü görüb və fərqli yorumlara səbəb olub.

Əslində bu şəkildəkilər kimlərdir, şəkil nə zaman və harada çəkilib?

Bu suallara cavab tapmaq üçün 1991-1993-cü illərdə AXC-nin mühafizə şöbəsinin müdiri olmuş " Boz Qurd" batalyonunun komandiri, 2-ci qrup Qarabağ əlili Nurəddin İsmayılov (Xoca) ilə söhbətləşdik.

- Nurəddin bəy, bu şəkil sizə tanışdır?

- (gülür) Bəli, tanışdır. Tarixi, bir çox şayiələrə səbəb olan şəkildir. Heç kim heç nə bilməyə-bilməyə hərə istədiyi kimi, necə sərf edirsə elə də yorumlayıb.

- Düzdür, bu şəkil və bu şəkildəki insanlar haqqında bir çox hadisələr danışırlar. Axı şəkildə ortada gördüyünüz gözlüklü, əlində avtomat olan adam BP-də işləsə də Britaniya kəşfiyyatı Mİ-6-ya da xidmət edirdi. Bu şəkil nə zaman çəkilib?

- Bu şəkil 1992-ci il mayın 15-də "Moskva" otelinin vestibülündə çəkilib.

- Necə? Bəs deyilənə görə 1993-cü ildə Surət Hüseynovun çevrilişi zamanı çəkilib? Axı şəkildə ortada əlində avtomat olan eynəkli adam BP-nin vitse-prezidenti Lesli Abrahamsdır. Söhbət korporasiyanın keçmiş vitse-prezidenti Lesli Abrahamsdan gedir. Məsələn, məşhur tədqiqatçı-jurnalist Qreq Palas yazır ki, Lesli Abrahams BP-nin Azərbaycanda, Bakıdakı ofisinin qarşısında əlində AK-47 avtomatı tutaraq çəkdirdiyi şəkli də var. Yəni bunlar düz deyil?

- Mən kimin nə danışdığını deyə bilmərəm. Şəkildə gördüyünüz hərbi formada qıraqlarda dayananlar AXC-nin "Boz Qurd" batalyonunun uşaqlarıdırlar. Oqtay və Qalib. Gəlin bir az o günlərə qayıdaq. Mayın 15-i Ali Sovetin qarşısına AXC-nin qərargahından yürüş başladı. Bu yürüşlə bağlı çox dedi-qodular və şaiyələr var.
Ay cəbhədən hansısa qüvvələr gətirilib, nə bilim texnika gəlib... Amma elə deyil. AXC-nin mühafizə şöbəsinin və AXC-nin "Boz Qurd" batalyonunun hərbi formada olan üzvlərindən başqa ora Fəhmin Hacıyev DQ-nın 40-a yaxın kursantlarını gətirmişdi. Maşınqayırma zavodundan rəhmətlik Hüseynalı Hüseynov BRDM və BTR götürmüşdü. Hansıların ki heç bir silahı işləmirdi. Ancaq bir texnikanın deyəsən pulemyotu işləyirdi, onunda "başnya"sı dönmürdü. Yadımdan çıxmamış onu da deyim ki, Şıxov batalyonunun 3-4 əsgəri də var idi ki, onları da müvəqqəti batalyona götürdük.
Yəni zavodda təmirdə idilər. Olan qüvvə bu idi və cəbhədən heç bir qüvvə götürülməmişdi. Hə bir də Nizami Musayevin müəyyən qədər idmançıları var idi. Bizim əsgərlərin böyük əksəriyyətinin kaumflyajlarının arxasında "Boz Qurd" trafareti vurulmuşdu. Bunu o zamanki şəkillərdə də görmək olar.

Bu batalyon əvvəldən dəstələrə bölünmüş və hər dəstənin qarşısına müəyyən həll ediləcək məsələlər qoyulmuşdu ki, onlar yürüş iştirakçılarının, yəni silahsız xalqın təhlükəsizliyini qoruyurdular. Yadınıza gəlirsə Ali Sovetin qarşısında bir neçə gün mütəllibovçu qüvvələrin silahlı dəstələri çadır qurmuuşdular və hamını hədələyirdilər. Düzdür mən gecə ora gedib onları xəbərdar etdim ki, əgər kimsə xalqa qarşı nəsə bir hərəkət etsə yerindəcə cəzasını alacaq. Onlar da başa düşüb biz gəlməyə bir az qalmış getmişdilər. (gülür) Xülasə əsgərlərimizin bir qrupuna "Moskva" otelini yoxlamaq tapşırılmışdı. Bax o şəkildəki əsgərlər bizim uşaqlardır. Yadınıza gəlirsə "Moskva" otelinin damından güllə atılmışdı. Uşaqlar "Moskva" otelini tutub, otelin təhlükəsizliyini təmin edəndə bu Lesli Abrahams dediyiniz şəxs də 3-4 nəfərlə o oteldə yaşayırdı. Bax onda o uşaqlardan xahiş edir ki, sizinlə şəkil çəkdirmək istəyirəm. Uşaqalr da razı olurlar. O zaman Qalibdə 2 avtomat var idi. Çeçenlərin ""Borz" qısa avtomatı və öz tabel avtomatı, yəni "Kalaşnikov". Bax, həmin tabel avtomatını da verir ingilisə ki, silahla şəkil çəkdirsin. Və onlar bir yerdə şəkil çəkdirirlər. Yəni uzun sözün qısası, şəkil 1992-ci il, mayın 15-də "Moskva" otelinin vestibülündə AXC-nin " Boz Qurd" batalyonun əsgərləri ilə çəkilib. O iki nəfər həmin xarici qonaqlar idilər! Sadəcə qonaq kimi xahiş ediblər ki, uşaqlarla xatirə şəkli çəkdirmək istəyirlər.

Onu da deyim ki, uşaqlar oteldə olan Araz ƏIizadənin də yanında tapança olduğu üçün həbs etmişdilər . Oteldə İbrahim bəy də var idi. 4-5 nəfər də sənədsiz adam saxlanılmışdı. Mən gəlib sonra onları buraxdım.

- Nurəddin bəy maraq üçün soruşuram: yürüş zamanı nə qədər silahlı əsgər var idi və onlar hansı hərbi hissələrdən idilər?

- Nizami Musayevin idmançıları hərbi formada deyildilər. Mənim isə şöbəmdə və batalyonumda o zaman 200 nəfər əsgər və üzv var idi. Bunlardan 8-10 nəfəri qərərgahın təhlükəsizliyinə cavabdeh olanlar idilər. Yəni şöbənin işçiləri idi. Qalanları batalyonun əsgərləri idilər.

- Bəs onlar cəbhədə deyildilər?

- Mənim "Boz Qurd" batalyonum ehtiyat rezerv batalyonu idi və birbaşa İskəndər Həmidova tabe idi. Batalyona uşaqlar gəlirdilər, bir müddət təlim keçir, 2-3 əməliyyatlarda iştirak edir və sonra mənim təqdimatım ilə ordu, polis, MTN, gömrük, bələdiyyə polisi və OMON-a gedirdilər. Biz birbaşa AXC rəhbərliyinin, daha doğrusu, İskəndər bəyin əmri ilə əməliyyatlara cəlb olunurduq. Mənim uşaqalrım, Zəngilan, Qubadlı, Ağdam, Ağdərə, Qazax, Tərtər əməliyatlarında iştirak ediblər. Bunlar lokal xüsusi əməliyyatlarda - ordu əməliyyatlarında olublar. Düşmən ərazilərinə də girmişik, itki də vermişik. Biz bu dəstəni yaradanda hələ heç Müdafiə Nazirliyi yox idi. Mən özüm birinci dəfə 91-ci ilin oktyabr ayının 24-də yaralanmışam. 12-14 güllə yarası almışam, 2 əsgərimi şəhid vermişəm. Onda hələ Müdafiə Nazirliyi yox idi. Amma cəbhə silah istəyirdi, silahlanmaq lazım idi. Bu, ölüm-dirim məsələsi idi və biz bu məsələni həll etdik.

- Nurəddin bəy, siz Lesli Abrahamsı gördünüz?

- Gördün deyəndə, oteldə bir qrup xaricilərin olduğunu, 7 mərtəbədə isə jurnalistlərin yaşadığını dedilər. O şəkildəkinin qrupunu gördüm, dedilər ingilislərdir, BP-dən. Fikir vermədim. Tapşırdım otaqlarına ötürsünlər. Həm də bir nəfərimiz yaralanmışdı, onu təcili xəstəxanaya göndərdik.

- Bəs indiyə qədər niyə danışmırdınız, bəy?

- Birincisi, soruşan yox idi, ikincisi də bəzi şeylərin vaxtı çatmalıdır ki, onları danışasan!

- O şəkildəki uşaqaların axırı necə oldu?

- Onlardan biri sonra polis rəisi işlədi. Rəhmətə gedib. O biri sağdır. Bu yaxınlarda Bakıda idi. Görüşürük tez-tez. AMDP-nin sədr müavini oldu bir müddət. İndi rayondadır.

- Nurəddin bəy, təşəkkür edirik.

-Sizə düşür təşəkkür...