Müdafiə naziri Qarabağ qazilərinə qarşı etinasızdır - ETİRAZ

Müdafiə naziri Qarabağ qazilərinə qarşı etinasızdır - ETİRAZ backend

Qarabağ qaziləri problemləri ilə bağlı dəfələrlə müdafiə naziri ilə görüşmək istəsələr də buna nail ola bilməyiblər

Bu günlərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevlə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin növbəti qrupu ilə keçirilən görüş digər qazi təşkilatlarının haqlı narazılığına səbəb olub.

Bu, “Qarabağ qaziləri” və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyindəki qazilər tərəfindən narazılıqla qarşılanıb.

Bununla bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, o, görüş deyil, görüntüdür: “O görüşdən sonra qazilərin hansı problemi həll olunub?! “Qarabağ Qaziləri” birliyi dəfələrlə qazilərin problemi ilə bağlı nazirin qəbulunda olmaq üçün müraciət etsə də, buna nail ola bilməyib. Bunun səbəbini də bizə izah etməyiblər. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyininin üzvlərini qəbul ediblər. Eybi yoxdur, onlar da əlil təşkilatıdır, veteranlardır. Amma o görüşə bir neçə təşkilat dəvət olunsaydı daha yaxşı olardı. Biz, keçmiş döyüşçülər Müdafiə nazirliyinin əsgərləri olmuşuq, lakin nazirlik indi bizi taleyin ümidinə buraxıb. Müharibə veteranlarının və əlillərinin problemləri ilə Müdafiə nazirinin birbaşa özü maraqlanmalıdır, onun müavini yox. 1992-ci ildən bəri DİN əməkdaşları nə zaman istəsələr bu nazirliyin hospitallarında müayinə və müalicə oluna bilirlər. Bu da Daxili işlər nazirinin öz əməkdaşlarına verdiyi dəyərdir. Biz isə Müdafiə nazirliyinin heç qapısına da yaxınlaşa bilmirik. Çünki bayaq dediyim kimi bizi taleyin ümidinə buraxılmışıq. Belə çıxır ki, əlillərin problemləri onlaq üçün maraqlı deyil”.

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov bu ayrı-seçkiliyi belə dəyərləndirdi: “Əslində məsələnin kökündə Müdafiə nazirinin vətənpərvər olmaması dayanır. Bu, onun Vətənin şəhidinə, qazisinə sevgisinin olmamasından qaynaqlanır. Bu insanlar vətənə öz canları, qanları ilə xidmət ediblər. Nə Səfər Əbiyev, nə də Zakir Həsənov bir dəfə də olsun şəhid ailəsini, qazini sevə-sevə qəbul etməyiblər. Bu da onların vətənə olan sevgisinin qeyri-səmimiliyindən irəli gəlir. Onlar Azərbaycanı sevmirlər. Zakir Həsənov Azərbaycan uğrunda qazi olmağa hazır deyil. Ona görə də o, şəhid ailələri, qazilərlə görüşdən içində bir ürpənti hiss edir. Ona görə o, qazilərlə, şahid ailələri ilə görüşməyi ağlından belə keçirmir. İndiyə kimi Müdafiə nazirinin bir şəhid və ya qazinin anasına, ailəsinə bir dəstə gül verdiyini görmüsünüzmü? Bu heç olmayacaq da. Çünki Müdafiə nazirliyinin başında duran insanlar bu nazirliyin ayağında dayanan insanları sevmir. Vətənə olan sevgiləri kifayət qədər olmadığına görə, onun əsgərini də sevə bilmirlər. Ona görə də şəhid ailələrinin, qazilərin bir sıra problemləri həll edilməmiş qalıb. Biz, belə demək mümkünsə, ortalıqda qalmışıq. Ali Baş Komandan və Birinci vitse-prezident qazilərə, şəhid ailələrinə doğmalıq göstərib: “Siz mənim qardaşımsız” dediyi halda, Zakir Həsənov bu insanları niyə öz qardaşı, silahdaşı hesab etmir?! O, bizimlə birlikdə səngərdə çiyin-çiyinə döyüşsəydi belə olmazdı. Düzdür, dövlət bizə qayğı göstərir, amma xalqımızın “uman yerdən küsərlər” məsəli var”.

Qaziler.az
Diaspora