Son illər Azərbaycan dilinin statusunun qorunması və təbii imkanları hesabına inkişafı ilə bağlı ardıcıl sərəncam və fərmanların verilməsinə baxmayaraq, xüsusilə Bakıda əcnəbi dillərin daha çox yayılması müşahidə edilir. Hətta bir çox ailələr ümumiyyətlə ana dilindən imtina edərək, ruscadan istifadə edirlər.
Tanınmış jurnalist Bahəddin Həzi isə olduqca maraqlı mövzunu gündəmə gətirib: son illər azərbaycanlı ailələr övladlarına daha çox dini adlar qoyur və onları rusca çağırır və ya onlarla rusca danışır. Məsələn, Muxammad, Qasan, Quseyn, Zaxra, Fatya... kimi.Məsələ ilə bağlı Axar.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu durum gələcək nəsildə vətənpərvərlik hisslərinin ortadan qalxmasına səbəb olacaq:
“Biz ölkədə “əhalinin keyfiyyəti” ilə bağlı lazımi işlər görmürük. Bu, çox aktual məsələdir. Başqa ölkələr, başqa xalqlar bu sahədə ciddi işlər görürlər. Əhalinin ümumi keyfiyyətinin yüksək olmasında onun fiziki sağlamlığı, təhsili, elmiylə yanaşı, vətənpərvərlik hissi də mühüm rol oynayır. Çünki vətənpərvərlik hissi güclü olmayan xalq öz ölkəsinin təhlükəsizliyini qorumaqda maraqlı olmur. Bu istiqamətdə Fransadan, İngiltərədən, Kanadadan da çox, Azərbaycanda işlər görməyə ehtiyacı var. Azərbaycan tarix boyu torpaqlarını itirə-itirə gəlib. Torpaqlarımızın bir hissəsi Gürcüstanda, bir hissəsi Rusiyadadır: böyük bir hissəsi İranda qalıb və bir hissəsində də ermənilər dövlət qurub, bu azmış kimi, Qarabağı da işğal ediblər. Hansı tərəfdən baxırsınızsa, Azərbaycan yaralı görünür. Bizim qarşımızda duran ən mühüm məsələlərdən biri vətənpərvərlik hisslərini yüksəltməkdir. Yəni vətənpərvərlik hissini sivil dünyanın mədəni qaydalarıyla artırmaq lazımdır”.
Sosioloq son illər insanlarda vətənpərvərlik hissinin azalmasının həyəcan siqnalı üçün yetərli olduğunu bildirib:
“Bayrağımızın üç rənginin hər biri bir məna kəsb edir. Mavi türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamı bildirir. Yəni bizim bayrağımız bu keyfiyyətləri bir-birinə ahəngdar şəkildə birləşdirir. Ötən əsrin əvvəlində bu ahəngdarlıq var idi. Amma indi özünə türk deyənlərin bir çoxu islamı, islamı təbliğ edənlər də türkləri tənqid edir. Müasirlər də özlərini avropalı kimi hiss edir və özünə türk, islamçı deyənə gerizəkalı kimi baxırlar. Bunun səbəbi vətənpərvərlik hissinə ölkəmizdə yetəri qədər diqqət yetirilməməsidir. Bizim qarşımızda nəhəng işlər durur. Düzdür, əhalinin qəlbində bu hisslər potensial şəkildə güclüdür. Aprel döyüşləri və digər məsələlərdə bunu gördük. Ona görə də potensial olaraq var olan bu hissləri lazımi şəkildə inkişaf etdirmək lazımdır. Bizim öz qəhrəmanlarımız, sərkərdələrimiz olduğu halda başqalarını qəhrəman adlandırırıq. Biz orta məktəblərdə şagirdlərə mədəni dünyanın tələblərinə uyğun olaraq, vətənpərvərlik tərbiyəsini aşılamalıyıq”.