Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətinə baxılıb.
Report-un məlumatına görə, prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Məhkəmənin qərarına əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.