67 saylı tam orta məktəbin ikinci sinifi Milli Qəhrəmanın adına verildi - TƏQDİMAT

67 saylı tam orta məktəbin ikinci sinifi Milli Qəhrəmanın adına verildi - TƏQDİMAT backend

QAZİLER.AZ saytının verdiyi məlumata görə, bu gün Sabunçu rayon 67 saylı orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid kəşfiyyatçı Əlabbas Qara oğlu İsgəndərovun anım günü keçirilib.

Eyni zamanda, məktəbin 2-ci sinfinə şəhid qəhrəman Ə.İsgəndərovun adının verilməsinin təqdimatı olub. Şagirdlər vətənpərvərlik məzmunlu şeirlər və mahnılar səsləndiriblər. Ə.İsgəndərovun şəhid olma səhnəsini tamaşa kimi təqdim ediblər.

Məktəbin direktoru İradə Bayramova çıxış edərək gələcəkdə hər sinfin bir şəhidin adına veriləcəyini və belə təqdimatlar edəcəklərini deyib.

Tədbirdə iştirak edən şəhidin döyüşçü dostları çıxış edərək Ə.İsgəndərovun qəhrəmanlığından danışıblar.

Sonra Milli Qəhrəman Ə.İsgəndərovun bacısı Zərifə İsgəndərova, qızı Taliyə çıxış edərək məktəbin rəhbərliyinə və kollektivinə belə bir tədbir təşkil etdikləri üçün minnətdarlıqlarını bildiriblər.

******** ******** ********

20 noyabr 1958-ci il Ağdam rayonunun Qurdlar kəndində anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şirin Mirzəyevin Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.

1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o qəhrəmancasına həlak oldu.

Evli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.

QAZİLER.AZ
Diaspora