Bakıda Avropa Regional Sosial Təminat Forumu keçirilir

Bakıda Avropa  Regional Sosial Təminat Forumu keçirilir backend

Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb.

Üç gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

Ə.Əhmədov aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, Avropa ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verildiyini bildirib. O, növbəti Avropa Regional Sosial Təminat Forumunun Azərbaycanda keçirilməsi qərarına görə BSTA-ya minnətdarlıq ifadə edib, ötən dövrdə mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanda bu Forumun da yüksək səviyyədə təşkil olunduğunu deyib.
BSTA-nın Prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hazırkı Forumun da bu məqsədə xidmət etdiyini və Avropa məkanının sosial təminat sistemlərindəki aktual məsələlərə innovativ yanaşmaların təqdim edilməsi və bölüşülməsi üçün əlverişli imkan yaratdığını deyib. Y.Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib. BSTA Prezidenti ölkəmizin bu Foruma layiqli şəkildə ev sahibliyi etməsindən razılıq ifadə edib, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev artıq 15 ildir ki, BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu Təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi etdiyini deyib. O bu dəfə BSTA-nın Avropa Regional Sosial Təminat Forumu kimi yüksək səviyyəli mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin fəxr hissi doğurduğunu bildirib. Nazir Avropa məkanında sosial təminatın inkişafına, gələcək sosial təhlükəsizliyin formalaşmasına nail olunması üçün birgə müzakirələrin və təcrübə mübadilələrinin aparılması baxımından Forumun əhəmiyyətini qeyd edib.

S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial inkişaf kursuna uyğun olaraq, ölkədə dinamik iqtisadi inkişafın təmin edilməsi şəraitində əldə edilən sosial uğurları, həmçinin son aylarda həyata keçirilən mühüm islahatları, atılan əhəmiyyətli addımları diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) konsepsiyasını qeyd edib. Azərbaycanın sosial sahədə özünəməxsus yeni innovativ təcrübəsi - yeni yaradılan DOST Agentliyi və ilk “DOST” mərkəzi, 126 növdə sosial yönümlü xidmətin “bir pəncərə”dən, tam şəffaf və operativ, nəzakətlilik və son nəticədə vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verən “DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 altsistemin yaradıldığını deyən S.Babayev “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi haqqında məlumat verib. Artıq on min nəfərə elektron qaydada pensiya təyin olunduğunu, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramının artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verdiyini deyib.

Nazir bu ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını qeyd edib. Şəhid ailələrinə qayğının artırılması, onların birdəfəlik ödənişlə təminatı, qaçqın və məcburi köçkünlərin müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması, devalvasiyanın təsirlərinin aradan qaldırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli sahəsində atılan əhəmiyyətli addımları diqqətə çatdırıb. O, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paketin 3 milyon insanın rifahına ciddi dəstək olduğunu bildirib.

S.Babayev sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatların davam etdirildiyini, pensiya sisteminin yeni inkişaf konsepsiyasının hazırlandığını, eləcə də sosial müavinət və əliliyin qiymətləndirilməsi, reabilitasiya, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində aparılan islahatları, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki artım tempini qeyd edib. Nazir, həmçinin əlilliyi olan şəxslərin sosial müdafiəsi işlərindən bəhs edib, mütərəqqi beynəlxalq yanaşmalar da nəzərə alınmaqla “Əlilliyi olan şəxslərin hüquqları haqqında“ yeni qanunun qəbul edildiyini diqqətə çatdırıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramının idən-ilə dəfələrlə genişləndirildiyini bildirib.

O, Forumun əməkdaşlıq əlaqələrinin inkişafına da töhfə verəcəyini deyib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimlinin moderatorluğu ilə Azərbaycanın sosial müdafiə sisteminə, bu sahədə aparılan islahatlara dair panel iclas keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tərəfindən təqdimatlar edilib.

Sonra mətbuat konfransı keçirilib.

“Avropada sosial təminat sahəsində əsas çağırışlar” mövzusunda BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetanonun çıxışı (Avropada sosial təminat sahəsində 10 əsas çağırış) və onun moderatorluğu ilə müvafiq mövzuda panel iclasının keçirilməsi ilə davam edib.

Forumun növbəti iki gün üçün gündəliyinə “Sosial təminatın idarə olunmasında mükəmməllik və yenilik” və “Avropanın sosial təminat sahəsində gələcəyinin qurulması” mövzularında plenar iclasların və paralel sessiyaların keçirilməsi daxildir.

BSTA Beynəlxalq Əmək Təşkilatının himayəsi altında 1927-ci ildə yaradılıb və əsas məqsədi sosial təminat sahəsində qabaqcıl standartları inkişaf etdirmək və təşviq etmək, bu sahədə beynəlxalq əməkdaşlığı həyata keçirməkdir. Mənzil-qərargahı Cenevrə şəhərində yerləşən Təşkilat dünyanın Azərbaycan da daxil olmaqla 158 dövlətinin sosial təminat sahəsi üzrə fəaliyyət göstərən 330 qurumunu ətrafında birləşdirir.
Diaspora