Dövlət proqramını həyata keçirmək istəyən qazini incidirlər - BEYLƏQANDA

Dövlət proqramını həyata keçirmək istəyən qazini incidirlər - BEYLƏQANDA backend

Beyləqan rayonunun Kəbirli kəndində yaşayan I qrup Qarabağ müharibəsi əlili Nüsrət Köçəriyev pambıq səpini üçün bələdiyyə ilə biillik müqavilə bağlasa da ona süni maneələr yaradılıb

Nüsrət Köçəriyev kənddə bir neçə nəfərin ona mane olduğunu bildirir.

Qəribəsi də budur ki, Qarabağ əlilinin şikayəti əsasında aidiyyatlı orqanlar tərəfindən məsələyə müdaxilə olunsa da heç bir müsbət nəticə əldə olunmur.

Qazi bir dəfə Beyləqan icra başçısının qəbulunda olub, başçı onun səpin aparması üçün şərait yaradılması haqda tabeliyindəki şəxslərə göstəriş verib. Buna baxmayaraq yenə də heç nə dəyişməyib.

N.Köçəriyev Qaziler.az-a bunları bildirib: "Pambıq əkmək üçün Beyləqanda yerli bələdiyyə ilə birillik müqavilə əsasında 20 hektar torpaq sahəsi götürdüm. Rayondakı pambıq zavodu isə çiyidin səpilməsi üçün aparılacaq işlərə müəyyən məbləğ ayırdı. Bir zavod 2320, digəri 1500 manat vəsait ayırdı və mən o məbləği təyinatı üzrə xərclədim. Səpin zamanı kəndin bir neçə sakini həmin ərazinin otlaq yeri olduğunu bildirərək etiraz etdilər. Həmin torpaq sahəsinə kanal açaraq su buraxdılar ki, mən səpin apara bilməyim. Onlardan bir il möhlət vermələrini xahiş etdim. Çünki dövlətdən vəsait götürmüşəm, borcum var. O ərazi otlaq sahəsi olsa belə mənim bələdiyyə ilə billik müqaviləm var.

Məsələ böyüdükdən sonra icra başçısının qəbulunda oldum, o da səpin aparılması üçün göstəriş verdi. Polis idarəsinə də mənə ziyan verən adamlar haqda məlumat vermişəm. Səpin aparılmalı olan əraziyə baxış da keçirilib, akt da tərtib olunub. Ancaq heç bir ölçü götürülməyib. Səpin işləri də gecikir. İcra başçısının qəbuluna düşməyə də imkan vermirlər deyəm ki, göstəriş verdiyiniz məsələ həllini tapmayıb.
Səpin aparmağa imkan verilmədiyinə görə götürdüyüm vəsait mənim üstümdə qalıb. Bəs bu pulu kim qaytaracaq?

Mən dövlət proqramını həyata keçirirəm, pambıq əkmək istəyirəm, qarpız-yemiş əkmirəm ki!"

Redaksiyadan: Paradoksal vəziyyətdir. Əgər həmin ərazi otlaq sahəsidirsə bələdiyyə oranı niyə birillik icarəyə verib, yaxud bələdiyyənin bağladığı müqavilə qanunidirsə kənd sakinləri buna necə mane olur və onlar haqda niyə heç bir ölçü götürülmür?




Diaspora