Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 4-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI atıcılıq turniri keçirib.
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında baş tutan yarışa hər biri 3 nəfərdən ibarət olan 16 media komandası qatılıb.Qaziler.az bildirir ki, tədbirə Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanılıb.
Turniri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev KİV nümayəndələrini salamlayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi atıcılıq turniri artıq altıncı ildir keçirilir. General-mayor Zaur Abdullayev qeyd edib ki, Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz və firavan gələcəyinə təminat verən hərb quruculuğu təşkil edirdi. O, hələ sovetlər birliyi dövründə Bakıda hərbi məktəbin yaradılmasını, azərbaycanlıların hərbi təhsil almaları üçün görülən işləri xatırladıb. Ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra gənclər arasında özünə inamı, vətənpərvərlik hissini, milli mübarizə əzmini və döyüş ruhunu yüksəltməyə nail olduğuna diqqət çəkib. Qeyd edib ki, Ulu Öndər tərəfindən hərb quruculuğunda görülən işlər qısa müddətdən sonra öz səmərəsini verdi və güclü Azərbaycan Silahlı Qüvvələri formalaşmağa başladı.
Z. Abdullayev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində görülən mühüm işlərdən bəhs edib. O, vurğulayıb ki, Ümummilli Lider KİV-in mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb. Bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində mühüm işlər görülməkdədir. Diqqətə çatdırıb ki, SHXÇDX mətbuatla əməkdaşlığa hər zaman önəm verir, ölkəmizdə hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması, müddətli həqiqi hərbi xidmətə çağırışın təşkilinin işıqlandırılması istiqamətində KİV-in fəaliyyəti yüksək qiymətləndirilir. Xidmət rəisinin birinci müavini çıxışının sonunda Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş turniri açıq elan edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb.
Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra yarışa start verilib.
Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 6 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri “Səs” qəzetinin, II yeri İctimai Televiziyanın, III yeri “525-ci qəzet”in əməkdaşlarından ibarət komandalar tutublar.
Qaliblərə kubok, medal, diplom və pul mükafatları təqdim edilib.