Bu ildən Azərbaycanda ilk dəfə olaraq hepatit virusundan əziyyət çəkən xəstələrə pulsuz dərmanların paylanmasına başlanılıb.
Səhiyyə Nazirliyində yaradılan hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova APA-ya açıqlamasında deyib ki, bu proses cari ilin yanvar ayından etibarən tətbiq olunur. Bütün dünyada hepatit B və C virusuna yoluxma hallarının son illər artdığını deyən H.Qədirova qeyd edib ki, bu xəstəliklərin müalicəsində xüsusi dərman preparatları tətbiq olunur və onların istifadəsi üçün uzun müddət nəzərdə tutulur: "Məsələn, bu müalicə hepatit B üçün 6 ay, hepatit C üçün 6 aydan 1 il yarıma kimi ola bilər. Bu da müəyyən həcmdə məbləğ tələb edir.Bəzi xəstələrin buna imkanı çatmadığını nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın vəzifələrindən biri də Hepatit B və C virusuna yoluxan xəstələrin pulsuz dərmanlarla təmin edilməsidir. Dərmanlar bahalı olduğundan onun alınaraq pulsuz şəkildə xəstələrə verilməsi komissiya tərəfindən icra olunur”.
Komissiya rəsmisi əlavə edib ki, bu günə kimi təxminən 300-ə yaxın insan komissiyaya müraciət edib. H. Qədirovanın sözlərinə görə, onların müayinələrinin nəticələri araşdırılıb, əlavə lazım olan müayinələr aparılıb. Nəticədə müalicəyə ehtiyacı olsan xəstələrin siyahısı hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub: “Artıq Səhiyyə Nazirliyi tərəfindən pulsuz paylanan dərmanlar ölkəyə gətirilib. Bunlar hepatit B üçün "İnterferon", Ukraynadan gətirilən "Ukroferon", hepatit C üçün "Ukroferon" və "Ribovirin" preparatlarıdır. Bu dərman preparatları müvafiq sxemlər üzrə, xəstəliyin növündən asılı olaraq xəstələrə tətbiq olunur. Hepatit B virusu üçün dərmanlar 24 həftə ərzində, hepatit C virusunun isə genotip növündən asılı olaraq 24 və ya 48 həftəlik təyin olunur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan metodik göstərişlərə uyğun olaraq bu xəstələrə dərmanların verilməsinə başlanılıb".
Səhiyyə Nazirliyi tərəfindən bu proses Klinik Tibbi Mərkəzdə təşkil olunub. Orada həm də ilk dəfə müraciət edən xəstələrin qəbulu aparılır: "Müvafiq siyahı üzrə sənədlər təqdim edilir, 2 həftə ərzində sənədlərə baxılaraq müvafiq qərar çıxarılır. Qərar çıxarılandan sonra xəstələr həmin dərmanları oradan pulsuz şəkildə həkimin göstərişi ilə alırlar. Müşahidə tələb olunan xəstələr stasionarda saxlanılır, qalanları isə ambulator şəkildə yaşadıqları yerlərdəki müvafiq poliklinikalarda həkim nəzarəti altında dərmanları qəbul etməyə başlayırlar”.
H.Qədirova vurğulayıb ki, ilkin olaraq komissiyada 110 xəstə ilə bağlı qərar var və artıq onların yarısından çoxu pulsuz dərmanları alıblar. Onun sözlərinə görə, pulsuz dərmanlar müəyyən etaplarda ölkəyə gətiriləcək. Komissiyanın sədr müavini bildirib ki, I etapda olan hepatit C xəstələri üçün 500, hepatit B xəstələri üçün 100 ədəd dərman preparatı artıq ölkəyə daxil olub: “Yanvardan bu partiya dərmanlar xəstələrə paylanır. Əlavə dərman lazım olduqda siyahı tərtib olunacaq və Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən vaxtaşırı müvafiq miqdarda dərmanlar ölkəyə gətiriləcək. Hazırda 500-ə qədər xəstəyə dərman verməyə ehtiyatımız var”.