Bu gün tanınmış Qarabağ qazisi, “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədovun 49 yaşı tamam olur.
Bu münasibətlə Qarabağın azadlığı uğrunda sağlamlığını itirmiş qazini təbrik edərək ona yalnız bir sual verdik: “Hər qazi uğrunda canını fəda etməyə hazır olduğu torpağın azad edilməsini bütün arzularından yüksəkdə tutar. Bu, birmənalıdır. Sualımız ağrılı olacaq. Sizcə yarım əsrlik ömür yaşamış nəslə Qarabağın azadlığını görmək qismət olacaqmı?“Qarabağ qazisi Qaziler.az saytına bunları dedi: “Yarım əsrlik ömrümüz Nəsiminin ömrünə bənzəyir. Qazi ömrü də yarım əsrə sığmır. Normal insanlarla müqayisədə biz qazilərin 50 illik ömrü 150-200 illikdi. Bizim özümüzün yaratdığı bir tarix var. Ona görə də Qarabağ sevdamız ürəyimizdən heç vaxt ikinci plana keçə bilməz. Sual əslində ağırdı. Kaş ki, bu sual ortaya çıxmayaydı. Dövlətimiz, ordumuz, Ali Baş Komandanımız, onun ətrafındakılar elə mövqe sərgiləyəydilər ki, biz hər an torpağımızın azad ediləcəyinə inamla, ümidlə yaşaya biləydik. Bu sualda ümidsizlik olsa da mənim inamım çox böyükdür. Azərbaycan xalqı öz torpaqlarını güzəştə getməyəcəyini sübut edib. Azərbaycan türklərinin torpaqları düşməndə qala bilməz. Bu gün ermənilər öz havadarları vasitəsilə xalqımızı Azərbaycanın bir parçası olan Qarabağı azad etməyini bir qədər yubadır. Bu gün Ordumuz öz qüdrətini göstərməkdə ləngiyir. Amma Azərbaycan dövləti və ordusu Qarabağı azad etməyə hər an hazırdır. Buna qüvvətimiz də, qüdrətimiz də bəs edər. Bizim nəsil də bunu görəcək. Allah eləməsin ki, bu, bizdən sonrakı nəsillərə qalsın.
Yadıma bir hadisə düşdü: 2003-cü ildə oğlumun 3 yaşı vardı. O zaman Qarabağın təbliğatı ilə bağlı hazırlanan plakatda mənim 3 yaşlı oğlumla olan şəklim yerləşdirilmişdi. Plakatda Qarabağın xarabalıqlarının təsviri üzərində belə bir fikir yazılmışdı: Bu miras atadan oğula qalmamalıdır! Bu gün oğlumun 18 yaşı var, əsgərlik yaşına çatıb. Demək, o miras artıq atadan oğula qaldı. O vaxtdan keçən 16 il çox böyük vaxtdır. Torpaqlarımız isə 25-26 ildir ki, işğal altındadır. Bu rəqəm özü belə böyük bədbinlik yaradan suallar doğurur. Bu gün Azərbaycan xalqının qəlbində elə böyük ruh var ki, o, bir gün Qarabağı MÜHARİBƏ yolu ilə azad etmək üçün ayağa qalxacaq. Bu gün bizim dövlətimizin o məramda, o istəkdə olduğunu görürəm. Bir az sürətimiz az ola bilər, amma Ərdoğan demiş, bir gün, bir gecə ansızın Qarabağa gələ bilərik”.
P.S. Qaziler.az saytı olaraq Firudin bəyi ad günü münasibəti ilə bir daha təbrik edir, qalan ömrünü doğma Qarabağda yaşamağı arzu edirik. Amin!