AXH-nin müəmmalı taleyi: barışıq üçün uzanan əllər sıxılmır...

AXH-nin müəmmalı taleyi: barışıq üçün uzanan əllər sıxılmır... backend

Əli Əliyev: “Geriyə dönüşün potensialını görmürəm”; İsgəndər Həmidov: “Gəlsinlər iclasımızda iştirak etsinlər”

Azərbaycan Xalq Hərəkatı (AXH) daxilində yaranan ikitirəlik davam edir. Faktiki olaraq, hərəkat iki hissəyə parçalanıb və AXH adında iki qrup fəaliyyət göstərir. Barışıq yolunda isə atılan addımlar, verilən açıqlamalar bəhrəsini vermir.

Son olaraq, aprelin 24-də narazı qanadlardan biri öz iclasını keçirib. Bu isə o anlama gəlib ki, hərəkatın hər həftənin birinci günü keçirdiyi ənənəvi iclas bu dəfə də parçalanmış formada keçiriləcək.

AXH-nin idarə heyətinin üzvü, VİP sədri Əli Əliyev qurumun durumundan təəssüflənir: “AXH-də təəssüf ki, ikiləşmə prosesi baş verib. Geriyə dönüşün potensialını görmürəm. Təmsil olunduğum qurum qarşısında duran məqsədlərə doğru hərəkətini davam etdirəcək. Hamıya uğurlar arzulayıram. Kimin haqlı olduğuna cəmiyyət qiymət verməlidir.

Bu mövzuda mübahisələri qeyri-produktiv, ziyanlı sayıram”.

Narazı tərəflərdən birinin lideri sayılan sabiq daxili işlər naziri İsgəndər Həmidov barışıq əlini uzadır: “Əvvəlcədən hamılıqla qərar qəbul etmişdik ki, hər həftənin birinci günü saat 15:00-da iclas olacaq. Buna baxmayaraq, onlar əsasnaməyə əsaslanaraq, 3/2-ni əsas götürüb dedilər ki, bu şəkildə də yığışmaq olar. Guya fövqəladə vəziyyət var idi. Hansı fövqəladə vəziyyət var idi anlamıram. Son olaraq da aprelin 24-də toplaşdılar. 6 nəfər idilər. 20 idarə heyəti üzvündən təsəvvür edin ki, 6 nəfər bir yerdədir. Birinci gün saat 15:00-da KXCP qərargahında toplantımızdır. Yenə də onları iclasa dəvət edirik. Gəlsinlər iclasımızda iştirak etsinlər. Gəlməyəcəkləri təqdirdə kimisə nəyəsə məcbur edə bilmərik. Seçim onlarındır. Əgər savaş açırlarsa, bunu onlara məsləhət görmürəm”.

İ.Həmidov əks qanadın hərəkatdan uzaqlaşdırılması məsələsini qaldırmayacaqlarını söylədi: “Belə bir məsələ gündəlikdə yoxdur. Bu, heç ağlımıza da gəlmir. Biz danışıqdan daha çox əmələ üstünlük veririk. İki rayon təsis konfransını keçirdi. Daha iki partiya bizə qoşulmaq istəyir. İdarə heyətinin toplantısında onların hərəkata üzv kimi qəbul olunub-olunmaması müzakirə ediləcək. Mayın 4-də keçiriləcək Məclisin iclası ilə bağlı detallar işləniləcək. Bilirsiniz ki, gələn ayın 24-dən etibarən kütləvi aksiyalara qərar vermişik”.

Sabiq nazir hərəkata üzv olmaq üçün müraciət edən iki partiyanın adını çəkmədi: “Onların adlarını çəkmək istəmirəm. Çünki ola bilər ki, idarə heyəti onları üzvlüyə qəbul etməsin. O zaman adlarının məlum olması düzgün çıxmayacaq. Amma bilirsiniz ki, iclaslarımız canlı yayımla nümayiş etdirilir. Bu baxımdan müzakirələr zamanı hər kəs o partiyaların adlarını biləcək. Birini şəxsən tanıyıram. Qarabağ veteranıdır. Özü də həbsdən təzə çıxıb”.

“Yeni Müsavat”