Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dan ONA-ya verilən məlumata görə, dövlət sərhədində müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, sərhəd döyüş məntəqələrində yeni xidməti binaların inşa edilməsi, yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin gücləndirilməsi üzrə göstərişlər verilib.Sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş yerli sakinlər Anar Dünyamalıyevə, Səfərəli Abışova, Hüseyn Şahverdiyevə və Zaur Yusifova medallar təqdim olunub, bilavasitə təmas xəttində sərhədçilərlə birgə dövlət sərhədinin mühafizəsi üçün çalışdıqlarına görə minnətdarlıq bildirilib.