(Milli-mənəvi dəyərlərimiz) Tarixə baxsaq antik zamanlardan başlayaraq bütün intibah dövrləri, dövlətlərin çiçəklənməsi ənənəyə, mədəniyyətə, mənəvi dəyərlərə istinad edərək yarandığını görərik, yəni millətin özünü tanıması və dərk etməsi ilə. XII əsrdə Azərbaycandaki intibah dövrü Yaxın və Orta Şərqə, eləcə də, dünya mədəniyyətinə Xaqani Şirvani, Nizami Gəncəvi,Əbül-üla Gəncəvi, Məhsəti Gəncəvi, Nücirəddin Beyləqani, İzəddin Şirvani kimi neçə-neçə incilər bəxş edib. Qərb renossansı da belədir. Ağıllı və kamil insanlar daxili harmoniyasını tapmış, kökünə və mədəniyyətinə köklənərək bir dövrün çiçəklənməsinə səbəb olmuş, yüksək cəmiyyət yaratmışlar.
Odur ki, F.Petrarka intibah dövrünü xeyirxahlığın, intellektualın və mədəniyyətin harmoniyası adlandırmışdı. Renessansın universalı adlandırılan L.Vinçinin rəssamlıqda yaratdığını, P.Pompanatsinin kamilliyini öyrənən sosioloqlar car çəkirdilər ki, bu qədər yüksək inkişaf və yaradıcılıq ilahi nizama, yüksək əxlaqa, böyük mədəniyyətə dayanaraq yaradılmışdır. Onu da vurğulayım, bir çox qərb sosioloqları etiraf ediblər ki, Avropa renossansına IX əsrdən başlayan Şərq intibahı zəmin yaratmışdır.Osmanlı imperiyasının “Lalə dövrü”nü götürək. Bu dövr Sultan Süleymanın şahlıq məqamına təsadüf edir. Qanunlar yazılıb, camilərdə əzanlar avazla-muğam üstündə oxunub, ən gözəl qəzəllər yazılıb, dünyanın hər yerindən gətirilmiş çiçək növləri İstanbulda əkilib. Memarlıq və nəqşbəndlik o qədər inkişaf edib ki, dövrün Azərbaycan və türk memarlarının əl işləri dünyanın bir çox ölkələrinin indi də maddi və mədəniyyət nümunələrindən biridir, YUNESKO tərəfindən qorunur.
O dövrü bir araşdırım deyərkən, ümumtürk mədəniyyətində saysız-hesabsız nəzakət, xeyirxahlıq anlayışlarının şahidi oldum və qərara gəldim ki, mədəniyyətimizdəki nəzakət anlayışından yazım, çünki nəzakət insanlıq sənətidir, nə lalə dövründən, nə də intibah və ya renessansdan geri qalır. Milləti yaşadan, ayaqda tutan milli-mənəvi dəyərləri və mədəniyyətidir, həyat iksiridir yəni. Bu heç pozulmamalı, qorunmalıdır, ən qiymətli miras, varidat kimi.
İnsan oğlu hər zaman madiyyata daha çox maraqlıdı, rifah içində yaşamağa iştahlıdır. Bu normaldır, amma milli-mənəvi dəyərlər dediyimiz də insan oğluna aiddir, onu digər canlılardan fərqləndirən nəsnədir. Tükənmir, yaşadıqca artır, çoxalır, daha da zənginləşir.
Dönüb geriyə baxsaq mədəniyyət tutarı coğrafiyasından çox böyük olan xalqımızın qədimdən humanist, xeyirsevər, nəzakətli bir mədəniyyətə sahib olduğunu öyrənmiş olarıq. Bu estetik mədəniyyət və insanpərvərlik zaman-zaman könül dünyamızı, içimizi, ruhumuzu təmiz saxlamağa yardım edib, mənəviyyatımızı kirlənməkdən qoruyub. Bizi ümmətdən millətə çevirən qiymətli dəyərlərimizi tanıdıqca genetik yaddaşımızdaki böyüklüyümüzlə qürur duymalı, yenidən o halımıza körüklənməliyik. Bu belədir, öncə canlı idik, özümüzü, kökümüzü bilib, mənəvi dəyərimizi anlayıb insan olduq.
Beləcə, milli-mənəvi dəyərlərimizə aid ilahi nizamdan, qiymətli xəzinədən biri mədəniyyətimizdəki nəzakət anlayışıdır. Bunları öyrəndikcə kapitalist dünyasının və sosializm yalanlarının halal-haram bilmədən insanlığa necə ziyan vurduğunu, ən qiymətli dəyərlərimizi necə kirlətdiyini, gözü dönmüşcəsinə insanlığı boğazlayan maddiyyatın,hərisliyin dünyanı necə xaraba qoyduğunu görəcəyik.
Haqqında danışacağım nəzakət anlayışlarından biri ticarətlə bağlıdır. Zamanında ədalətli xanlar, bəylər xalqın maddi və mənəvi, psixoloji durumunu öyrənmək, gözləri ilə görmək üçün təğyiri-libas olub erkəndən bazara çıxarmışlar. Biraz aralıdaki-heç kimin getmək istəmədiyi tükanlara girərək oradan bazarlıq edər, bir də baqqalların imanını sınağa çəkərmişlər. Əvvəlcə bir tükana girən xan biraz bazarlıq edib, yenidən daha nələrsə almaq istəyərkən tükançı verməzmiş: “Ondan məndə yoxdur, qonşudaki tükanda var, bir ora da baş çək” deyərmiş. İkinci tükançı da biraz alış-verişdən sonra: “Mən sənə mal sataraq bugünki siftəmi etdim, başqa alacağın varsa qonşu tükana get” deyir. Bütün bazarı gəzən xan baqqalların hamısından eyni tərzi görür və beləcə tükançıların hamısından bazarlıq etmiş olur. Heyrət içində xanəgahına dönən xan səcdəyə qapanır və üzünü Allaha tutaraq: “Ya rəbbim, Sənə həmd olsun, mən belə, bir-birlərini düşünən, əsirgəyən insanlardan ibarət bütöv bir millət nəsib etdin” deyərək dua edir.
İkinci örnək bütün türk coğrafiyasında geniş yayılan sədəqə daşlarıdır. Araşdırmalar zamanı professor Ziya Kazıcının “Sadaka taşları” adlı əsəri ilə qarşıalşdım. İnsanlığın, xeyirxahlığın və mərhəmətin rəmzi hesab olunan sədəqə daşları. Həzrəti peyğəmbərimiz (s.a.v.) bir hədisi-şərifində buyurur: "Yeddi zümrə vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah onları öz arşınının kölgəsində qoruyub saxlayır. Bu yeddi zümrə insanlardan biri də sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayanlardır. Beləki, əcdadlarımız özlərinin ali məziyyətlərinə xas bir şəkildə, iffət və şəxsiyyətlərini, həyalarını gözləyərək ehtiyaclarını söyləməyən, əksinə gizlədən insanlara yardım etmişlər. Nə dil bilmişdir, nə dodaq. Bu yolla verən əl təkəbbürdən və riyakarlıqdan, özünü nümayişdən uzaq olmuş, etdiklərini kimsə bilməmişdir. Bu əməlisalehlər gücləri yetdiyi yardımı heç kimsə bilmədən gecə vaxtı "Sədəqə Daşaları"nın yanına qoyar və oradan uzaqlaşmışlar. Ehtiyacı olanlar da kimsənin görmədiyi bir vaxtda daşların yanına gələr, acgözlük etmədən, ailəsinə yetəcək miqdarda yardım götürər, qalanına toxunmazdılar. Buraya pul qoymaq istəyənlər əsasən axşam namazından sonra, ehtiyaclılar da yatsı namazından sonra gələr, sonra da gecənin qaranlığında yox olardılar. Bir insan sədəqə verməklə xeyirxahlıq edir, amma kimə bunu bilmir. O sədəqədən yararlanan insanlar da kimsənin qarşısında əzilib sıxılmır, qüruru zədələnmir. İffətindən, qürurundan ehtiyacını kimsəyə bildirməyən insanların qürurunu zədələmədən onlarla yardımlaşmaq yolları dünyanın heç bir mədəniyyətində bu qədər etik və nəzakətli olmamışdır. Mədəniyyət anlayışımızda insanın bir-birinin üzünə gülümsəməsi belə sədəqədir, estetik mədəniyyətdir. Alanı ilə verəni gecənin qaranlığında örtən, qürurlanmağa, təşəxxüs göstərməyə fürsət verməyən, acizin, imkansızın heysiyyətini zədələməyən bir mədəniyyətə sahib olmuşuq.
Mədəniyyətimizdəki nəzakət örnəklərindən biri də borc dəftəridir, əskilərdə zimən dəftəri deyərmişlər. Məhəllə insanlarının baqqala borc dəftəridir. Ramazan və Qurban kimi müqəddəs aylarda və ya imkan olduğu hər bir zamanda gözəl əxlaqa sahib zəngin insanlar axşamın qaranlığında, kimliyini bəlli etmədən tükana gedər və baqqaldan hesab dəftərin varmı, deyə soruşarmışlar. O da dəftəri göstərincə varlı adam bütün borcları hesablatdırıb hamısını ödəyər, elə gecənin qaranlığında da oradan uzaqlaşarmış. Nə kimlərin borcunu ödədiyini bilərmiş, nə də borcu ödənən insanlar onun kimliyindən xəbər tutarmışlar. Bu cür böyük ürəkli insanlar qarşılıq gözləmədən yardımlaşmanı Allah rizası üçün edər və sadəcə bunun qürurunu, Allaha yaxınlaşmanın sevincini yaşayarmış. Yardımlaşma varlı ilə kasıb arasında uçurumu aradan qaldırarmış. Ziya Kazıcı yazır ki, belə bir mədəniyyətin olduğu şəhərdə, kənddə, məhlədə oğurluq, cinayətkarlıq və digər xoşəgəlməz hallar nadir zamanlarda baş verirmiş.
Bir şeyi unutmayaq ki, itirilmiş hər bir ənənənin, dəyərin yeri boş qalmır, mütləq nə isə başqa bir dəyərlə doldurulur. Bəzən bu dəyərlər müasirlik, bəşərilik, qloballıq adı ilə insanlığı təməlindən sarsıdan yeni ənənələrlə əvəz edilir. Məsələn, bir zamanlar insanlar arasında inam, etimad vardı və bu bağlılıq kimisə banklara möhtac durumda qoymurdu. Oğul evləndirənə, qız köçürənə, qəfil hüzürü düşənə hamı əl tuturdu. Və ya qohumundan, qonşusundan, qardaşından borc alır, vaxtında, vədəsində də geri verirdi. Nə yazıq ki, indi insanlar, xüsusən də, kasıb təbəqə bank adlı elə bir tələyə salınıb ki, çıxmaq üçün çabaladıqca daha dərinə düşür. Mənəviyyatımız o qədər aşınmış vəziyyətdədir ki, bəlkə qohumun, qonşunun, qardaşın evində qardaşına yetəcək qədər ehtiyatı var, ama borc verməyə etibarı yoxdur, ya da sədəcə vermək istəmir. Çünki bağlar qırılıb, dəyərlərimiz aşınıb, qonşunun, qardaşın düşdüyü durum bizi heç maraqlandırmır artıq. Son illər ölkəmizdə düşdüyü çarəsizlikdən, bu səbəblə ailədə yaşanan problemlərdən intihar edən insanımızın sayı-hesabı yoxdur. Ya da insanlar dərdini, yaşadığı sıxıntını paylaşmağa, maddi-mənəvi və psixloji yardım ummağa yeri olmadığından özünə qıyır. Demək olar ki, bu acını millətimiz hər gün yaşayır, nə yazıq ki. Bunların qarşısının alınmasının yolu, özümüzə dönməyimizdir, özümüzə köklənməyimizdir.
Yuxarıda təqdim etdiyimiz üç gözəl örnəyi diqqətlə oxuyub ətrafımıza baxmağı bacarmalı, bəsirət gözümüzü açmalıyıq. Dünyada terror, rüşvət insanların maddi həyatını təhdid edir. Dünyamızı qurtaracaq tək yol insanlıq sənəti nəzakət mədəniyyəti, ənənəmiz və dəyərlərimizdir. Apardığımız tədqiqatlar onu da sübut edir ki, insan təkcə maddiyyatla xoşbəxt olmur. Qloballaşan dünyadaki bu qədər yenilik, hər şeyin işıq sürətilə tezləşməsi, maddi rifaha çatmaq üçün imkanların daha asanlaşması insanları xoşbəxt etmirmiş. Məsələn, Belçikanın Ümümdünya Səhiyyə Təşkilatına verdiyi hesabatda bildirilir ki, 10 milyonluq ölkədə hər gün 7 nəfər intihar edir. Hansı ki, bu ölkədə insanlar maddi sıxıntı çəkmir.
Təvazökarlıq içərisində estetik düşünə bilən, nəzakəti, xeyirsevərliyi mədəniyyətimizin insanlıq sənəti bilmək və bu şəkildə cəmiyyət olmamız diləyi ilə.
Rəsmiyyə QARAYEVA,
“Azərnəşr”in redaktoru
Yazı Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.