Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
ONA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Konvoy Taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib: "Mən 21 il vətənimə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm".B. Abdullayev qeyd edib ki, Fədayə Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib: "Mənim Etibarla bağlı hər zaman kinim olub. O, 1998-ci ildə "moleletka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə məni mütəşəkkil dəstənin başçısı kimi təqdim etmələri yandırır. Komandir kimi həbs edə bilərdilər. Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm".