Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Zəlimxan Cavadov ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub. Bununla əlaqədar Qobustan rayon İcra Hakimiyyətində mərasim keçirilib. Əvvəlcə şəhidin məzarı ziyarət olunub. Müdafiə Nazirliyindən, “N” saylı hərbi hissədən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsindən, rayon İcra Hakimiyyətindən, idarə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi mərasimdə medal şəhidin atasına təqdim edilib. "Oğlum fevralın 21-də şəhid olub. Respublika günü münasibəti ilə medal mənə təqdim olundu. Mən oğlumu qarşımda həmişə sağ-salamat görürəm".
QAZİLER.AZ APA.TV-yə istinadla bildirir ki, tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edib. Bildirilib ki, ötən ilin iyununda Qobustan rayonundan hərbi xidmətə çağırılan Ərəbşalbaş kənd sakini, 1996-ci il təvəllüdlü Cavadov Zəlimxan Eybalı oğlu bu il fevralın 21-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub.