Ramin Hacılı azadlığa çıxıb

Ramin Hacılı azadlığa çıxıb backend

Gənc fəal Ramin Hacılı martın 15-də azadlığa çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabı vasitəsilə məlumat yayıb.

R.Hacılı status yazaraq bildirib: "Azadlıqdayam! Hər şey yaxşı olacaq!"

Qeyd edək ki, R.Hacılı dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunurdu. O, qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd edərkən saxlanılmışdı.

Daha sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçmişdi. R.Hacılının cinayət işinə məhkəmədə baxılıb və o, bu gün azadlığa buraxılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) ötən il iyunun 4-də yaydığı məlumatda qeyd edilirdi: “DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib".

R.Hacılı saxlanılarkən 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmaq istəməsini bildirmişdi.

Musavat.com
Diaspora