Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev “QAZİLƏR” saytının qonağı olub. O, saytımızın fəaliyyətə başlaması münasibətilə təbrik edərək ürək sözlərini deyib:
- Mənə məlum olanda ki, belə bir sayt açılıb çox sevindim. Bilirsiz ki, hazırda saytlar həddən artıq çoxdur. Amma Qarabağ döyüşçüləri ilə bağlı saytın açılmasına ciddi ehtiyac var idi. Burada həm döyüş tariximizdən, həm Qarabağ döyüşçülərinin taleyindən, yaşadığımız problemlərdən yazmaq olar. Bu gün elə dövrdür ki, tək gənclər deyil hamı üstünlüyü elektron mətbuata verir. Yəni qəzetlərdən bir az uzaqlaşıb insanlar. Eyni zamanda, nəzərə alsaq ki, bizim müharibə əlillərinin də bir hissəsinin evdən çıxmaq imkanları məhduddur, evdə otutub interneti izləyirlər.Bu baxımdan, bu saytın önəmi daha çoxdur. Həm informasiyanın vaxtında çatdırılması baxımından, həm qanunlarımızda olan dəyişikliklərlə əlaqədar, həm işğal altında olan torpaqlarımızla bağlı hansısa yeniliklər haqqında məlumat almalıdırlar. Ona görə bu saytın fəaliyyətində uğurlar arzulayıram, uzun ömürlü olmasını istəyirəm və sizinlə əməkdaşlıq təklif edirəm. Bizim də saytımız vətənnaminə.az saytıdır və biz də sizinlə can-başla əməkdaşlığa hazırıq. Arzu edirəm ki, oxucular torpaqlarımızın azad olması xəbərini məhz Sizin saytınızın səhifəsindən oxusunlar.