Gənclər Aprel zəfərinin ildönümü günlərində həqiqi hərbi xidmətə yola düşdüklərindən qürur duyurlar.
2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək Vətənin müdafiəsi kimi şərəfli borclarını yerinə yetirmək üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər. Respublikamızın şəhər və rayonlarında təntənəli yolasalma tədbirləri davam edir.Yolasalma tədbirində Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıb. Gənclərin şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdam rayon şöbəsinin rəisi mayor Elxan Feyziyev əsasını ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu proseslərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir silahlara malik olduğunu diqqətə çatdırıb. Çağırışçılara bu silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənməyi və zabitlərin tapşırıqlarını vaxtında yerinə yetirməyin vacibliyini diqqətə çatdırıb.
Beyləqan rayonunun gəncləri Vətənin keşiyində dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar.
Beyləqanda keçirilən yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.
Tədbirdə SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisəfa Məmmədov həqiqi hərbi xidmətə yola düşən gənclərə xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizin hərbi qüdrətinin yüksəlməsi Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməsinə imkan verir. Eyni zamanda, hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərdə də böyük ruh yüksəkliyi yaradır.
Tədbirlərdə çıxış edən valideynlər övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyiblər.
Yolasalma mərasimlərində iştirak edən veteranlar, ağsaqqallar Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıblar.
Çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.
Konsert proqramı ilə davam edən tədbirlərin sonunda çağırışçı gənclər Dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola salınıblar.