Bu gün Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş keçirilib.
ONA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab verib. Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir”.
Müraciətdə həmçinin qeyd olunur ki, 2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür: “Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.
Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.
Görüşdə çıxış edən hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.
Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.
Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.