H.Əliyev fondunun əməkdaşı yeni mənzilin sənədlərinin S.Axundovun ailəsinə təqdim etdi
Bu gün 2016-ci il aprel döyüşlərində şəhid olmuş Sənan Axundovun ailə üzvlərinə yeni mənzilin sənədləri təqdim edildi.Nərimanov rayonu ərazisindəki 3 otaqlı mənzilin sənədlərini şəhidin həyat yoldaşına Heydər Əliyev fondunun əməkdaşı təqdim etdi.
Qeyd edək ki, şəhid Sənan Axundovun ailəsinin üzləşdiyi mənzil problemi kütləvi indformasiya vasitələrində ciddi müzakirələrə səbəb olmuş Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ailənin mənzillə təmin olunmasına dair tapşırıq vermişdi. Birinci xanım Mehriban Əliyevanın mövzuya çevik reaksiya verərək belə bir alicənab addım atmasının səbəbi isə bu hadisədə şəhid adının hallandırılması olub. Birinci vitse-prezident şəhid ailəsi ətrafında gəzən söz-söhbətlərə birdəfəlik son qoymaq məqsədilə belə bir tapşırıq verib və bununla da Azərbaycan dövlətinin sosial siyasətinin ciddi və dönməz xarakter daşıdığını nümayiş etdirib.
Göstərilən xüsusi qayğıya görə, minnətdarlığını bildirən şəhidin həyat yoldaşı Nəcibə Axundova Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, şəhid ailələrinin hər zaman ölkə rəhbərliyinin xüsusi diqqəti ilə əhatə olunduğunu bildirib.
Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslər, şəhid ailələri ölkə rəhbərliyinin xüsusi qayğısı ilə əhatə olunub. Belə ki, İlham Əliyev növbəti dəfə prezident seçildikdən dərhal sonra şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi barədə fərman imzaladı. Bu ilin yanvarında isə şəhid ailələri ilə görüşən prezident İlham Əliyev vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladı. İndiyə qədər şəhid ailələrinə 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Bütün bunlar fonunda, 1-ci vitse-prezidentin həssas jesti sosial dövlət fəlsəfəsi və vətənpərvər xəttin məntiqi davamdır.