Cəlilabadda özünü yandıran döyüşçünün intihar səbəbi - ARAŞDIRMA

Cəlilabadda özünü yandıran döyüşçünün intihar səbəbi - ARAŞDIRMA backend

Mirtahir Mürsəlovun 20 yanvar və müharibə iştirakçısı sənədləri var... Xəbər verildiyi kimi, bu yaxınlarda Cəlilabad rayonunda 20 yanvar hadisələrinin və Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilən Mirtahir Mürsəlov Cəlilabad rayon polis idarəsinin qarşısında özünü yandıraraq intihar edib. Yaxınları tərəfindən bizə verilən məlumatlarda mərhumun intiharına səbəb dəfələrlə Cəlilabad rayon prokurorluğuna və polis idarəsinə etdiyi müraciətlərə baxılmaması göstərilirdi.

Mərhumun dəfnindən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayaraq bildirib ki, Mirtahir Mürsəlovun heç bir müraciəti Daxili İşlər orqanlarına daxil olmayıb. Və o, nə 20 yanvar hadisələrinin, nə də Qarabağ müharibəsinin iştirakçısıdır. QAZİLER.AZ saytı məsələ ilə bağlı araşdırma apararkən məsələ ilə bağlı DİN-nin həm yanlışlığı, həm də bir çox gizli qalmış məqamlar ortaya çıxıb.

DİN-nin yaydığı açıqlama həqiqəti əks etdirmir



Mərhumun qardaşı Mirtahir Mürsəlovun ailəsi redaksiyamıza sənədlər göndərərək qardaşının rayon polis idarəsinə dəfələrlə yazılı və şifahi müraciət etdiyini bildirir. Əvvəlcə onu qeyd edək ki, mərhum həm 20 yanvar cəmiyyətinin, həm də “Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” birliyinin üzü olub. Lap tutaq ki, Mirtahir adi bir vətəndaşdır, heç 20 yanvar və ya müharibə iştirakçısı deyil, adi bir Azərbaycan vətəndaşıdır! Axı niyə ona və ailəsinə belə münasibət olmalıdır?



Mirtahir niyə özünü yandırdı?

Əslində Cəlilabadda nə baş verib? Mirtahir niyə özünü yandırdı? Bütün bunlara hansı hadisə səbəb olub? Bunlarla bağlı Mərhumun qardaşı Mirkamil Mürsəlov bizimlə söhbətində nələri dedi: “Hələ 2012- ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində Ramiz Yarıyev avtomaşını ilə qardaşımı vurub. Bu zaman münaqişə yaranıb, bu azmış kimi qardaşımı döyüblər. Hadisə ilə bağlı müvafiq qaydada şikayət olundu. Ramiz Yarıyev və qardaşı Rahib Yarıyev Cəlilabad rayon məhkəməsinin qərarı ilə müəyyən müddətlərə azadlıqdan mərhum edildilər. Bu qərarla razılaşmayan Yarıyevlər apelyasiya şikayəti verdilər. Eyni zamanda, Yarıyevlərin Rusiyada yaşayan və onların ağsaqqalları hesab edilən bir neçə nəfərin təkidli xahişi ilə Mirtahiri apelyasiya məhkəməsində şikayətçi olmamağa razı saldılar. Və həmin ağsaqqallar söz verdilər ki, Yarıyevlər bir də Mirtahirə və onun ailə üzvlərinə toxunmayacaq. Bununla da məsələ bitdi. Amma Yarıyevlər azadlığa çıxandan sonra da öz əməllərini davam etdirdilər, dəfələrlə qardaşımı təhqir edib döydülər. Bu hal dəfələrlə təkrar olunub. Və qardaşım Mirtahir də bununla bağlı dəfələrlə həm polisə, həm də prokurorluğa müraciət edib. Amma Yarıyevlərlə bağlı ölçü götürülməyib. Əksinə, bu Yarıyevlər rayonda, reketçilikə, şantajla məşğul olan “Qanun və Kriminal” qəzetinin baş redaktoru ilə əlbir olaraq ailəmizə qarşı qarayaxma və böhtanla məşğul olublar. Nəticə də göz qabağındadır.”




Qeyd edək ki, yanvarın 30-da naməlum şəxslər tərəfindən Mirtahirin qardaşı oğlu Mürsəlov Mirqoşqar Mirkamil bıçaqlanıb. Doqquz bıçaq zərbəsi alan M.Mirqoşqar xoşbəxtlikdən sağ qalıb. Hadisə ilə bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi qaldırılıb. Hadisəni törədənlər də bəllidir, amma hələ kimsə saxlanılmayıb.

Mirqoşqarın atası M.Mürsəlov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıncovla görüşüb. Bundan sonra da şübhəli şəxslərdən kimsə saxlanılmayıb.

QAZİLER.AZ saytına daxil olan digər sənədlərdən isə məsələ ilə bağlı bir çox maraqlı məqamlar ortaya çıxır.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İ.A.Əliyevin imzası ilə Cəlilabad rayon Tibbi Ekspertiza Şöbəsinə daxil olmuş 1160 nömrəli 12.07.2013-cü il tarixli məktubda göstərilir ki, Cəlilabad rayon sakini Mirtahir Mürsəlov 11.07.2013-cü il tarixində Xəstəxananın lor həkimi Rəşid İbayev tərəfindən müayinə olunmuş və onda “xarici burnun deformasiyası, burun çəpərinin əyriliyi” diaqnozu aşkar olunmuşdur.

Başqa sənəd isə Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən Mirtahir Mürsəlova göndərilmiş 41/3 nömrəli, 23.04.2015-ci il tarixli məktubdur. Məktubda göstərilir ki, 02.01.2015-ci il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində Ramiz Yarıyevin avtomaşını ayağınızın üstündən sürüb keçməsi, sillə ilə vurması, “Adəm” adlı şəxsin sizi avtomaşınla vurub yıxması, Elçin Tağıyevin sizə küt alətlə xəsarətlər yetirməsi barədə ərizələriniz üzrə Cəlilabad rayon polis şöbəsində aparılmış araşdırmalardan narazı qalmağınıza dair müraciətinizə rayon prokurorluğunda baxılmışdır. Məktubda həmçinin bildirilir ki, Mirtahir Mürsəlovun Göytəpə şəhər sakini Tağıyev Elçin Sabir oğlu və tanımadığı başqa şəxslər tərəfindən döyülüb xəsarətləndirilməsi ilə Ramiz Yarıyevin məsuliyyətdən kənarda qalması ilə bağlı Cəlilabad rayon polis idarəsinə yazdığı 14.07.2013-cü il tarixli ərizəsinin düzgün araşdırılmaması səbəbindən toplanmış materiallar əsasında Cəlilabad RPŞ-nin müstəntiqi Allahverdi Həsənov tərəfindən 27.07.2013-cü il tarixdə AR.CM-nin 127.1-ci maddəsi ilə 130370051 nömrəli cinayət işi başlanılaraq istintaq aparılmışdır.

Mərhum Mirtahir Mürsəlovun qardaşı Mirkamil Mürsəlov redaksiyaya bildirib ki, cinayət işi sənədlərində adı çəkilən Ramiz Yarıyev adlı şəxs 2013, 2014, 2015-ci illərdə dəfələrlə onun qardaşını təhqir edib, onu döydürüb. Hətta Ramiz Yarıyev mərhumun qardaşı oğlu, Milli Qəhrəman mərhum Vüqar Mürsəlov haqqında da hər yerdə artıq - əskik danışaraq, Milli Qəhrəmana böhtanlar atmışdır.

Mərhum Mirtahir Mürsəlovun digər ərizəsinə cavab olaraq 12.05.2015-c il tarixli DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsindən bildirilir ki, onun müraciəti Cəlilabad RPŞ-nin təhqiqat xidməti tərəfindən araşdırılmış və cinayət işinin başlanılması rədd edilməsi haqda qərar qəbul edilmişdir.

Maraqlıdır ki, həmin bu R.Yariyev tərəfindən redaksiyamıza da mərhum M.Mürsəlov barədə neqativ məzmunlu sənəd göndərilib. Bəs Ramiz Yarıyev kimdir? Bununla bağlı redaksiyamıza kifayət qədər ciddi məlumatlar daxil olub, hələlik bu haqda geniş material vermirik. Lazım gələrsə, geniş material yayacağıq.

Çox maraqlıdır, bir ailənin başına bu qədər oyun açılır, ailə üzvlərindən bir nəfər ölümcül bıçaqlanır, bir nəfər döyülür, təhqir edilir, sonda özünü yandıraraq intihar etməyə məcbur edilir və ortalıqda bu qədər sənədlər var, amma DİN rəsmiləri deyir ki, “mərhum polisə müraciət etməyib”! Adamın deməyə sözü qalmır, vallah!

Zəruri qeyd: Xatırladaq ki, Mirtahir Mürsəlov DİN orqanlarında işləmiş və 1992-ci ildə erməni quldurlarına qarşı döyüşlərdə şəhid olmuş, ölümündən sonra isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Vüqar Mürsəlovun əmisidir. O Vüqar Mürsəlovun ki, böyüdülmüş fotosu digər polis milli qəhrəmanlarla yanaşı nazirliyin baş binasında vurulub. O baş binada ki, Daxili İşlər naziri cənab Ramil Usubov hər gün işə gələndə həmin şəkillərin qarşısında dayanıb polis salamı verib sonra otağına qalxır! Heç olmasa, buna xatir vətəndaşın şikayətinə baxmaya-baxmaya insan ölümü barədə diqqətli olun. Polisə şikayət etməyib deməyin, belə olmaz!





QAZİLER.AZ
Diaspora