Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir backend

Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir...

Xalqımız əsrlərdən bəri qeyd olunan Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib. Novruzdan öncəki 4 çərşənbə də böyük təntənə ilə, yazın, yeni ilin, yeni həyatın başlanğıcı kimi qeyd olunub və onlara həyat üçün vacib olan 4 ünsürün adı verilib. Bu gün boz ayın ikinci çərşənbəsi olan Od çərşənbəsidir.

AMEA Folklor İnstitutunun, Folklor və yazılı ədəbiyyat şöbəsində aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ə.Vəliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir: “İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. İnsanlar hər zaman Oda ehtiyac duyublar. Odun kəşfi insan həyatını rahatladan ən mühüm ünsürlərdən biri olub. Mifoloji rəvayətlər göstərir ki, qədim zamanlarda insanlar nəyə ən çox ehtiyac hiss etmiş və ya nədən daha çox təsirlənmişlərsə, onu müqəddəs olaraq qəbul etmiş və inanclar, mərasimlər yaratmışlar.

Ümumiyyətlə, türkdilli xalqlarda günəşə, oda, atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır".

Ə.Vəliyevin sözlərinə görə, bayramlarda tonqal qalamaq qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir: “İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu ”Kitabi Dədə Qorqud" dastanında da aydın görmək olar. İnsanlar arasında belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara xoşbəxtlik gətirər. Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədə uyğun hesab olunurmuş. Şad günlərdə tonqal qalanması haqqında məlumatlara “Kitabi Dədə Qorqud” dastanında da rast gəlinir. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır".
Diaspora