Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır

Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır backend

Fevralın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu ilə birgə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalının müdafiəsi zamanı şücaət göstərmiş veteranlarla gənclərin görüşünü təşkil edib.

Qaziler.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı qətliamı qurbanlarının xatirəsini ehtiramla anıblar.

Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək, 27 il əvvəl baş vermiş faciənin ermənilər tərəfindən xalqımıza qarşı aparılan düşmənçilik siyasətinin tərkib hissəsi olduğunu, Xocalı soyqırımının planlı şəkildə hazırlandığını və həyata keçirildiyini bildirib. Qeyd edib ki, yüzlərlə Xocalı sakininin xüsusi amansızlıqla qətlə yetirilməsi insanların yaddaşına qanla yazılıb. Bütün dünyanın gözü önündə törədilmiş bu soyqırımın insanlığa qarşı cinayət olduğunu vurğulayıb. Nəticədə 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, mayor Füzuli İsmayılov o məşum gecədə aralarında körpə, yaşlı və qadınların olduğu mülki şəxslərin dəhşətli işgəncələrlə qətlə yetirilməsinin erməni vəhşiliyinin ifadəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib. Bu gün Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması bir tərəfdən günahsız qurbanların ruhu qarşısında ədalətin bərpasına xidmət edir, digər tərəfdən isə dünyada bir daha bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır.
Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov Ermənistanın işğalçı ölkə olmasının və etnik düşmənçilik zəminində azərbaycanlılara qarşı soyqırım həyata keçirməsinin beynəlxalq təşkilatlar, eləcə də xarici dövlətlər tərəfindən tanınması məqsədilə görülmüş işlərdən söhbət açıb.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mütəxəssisi Cəbrayıl Fərzəliyev bildirib ki, bu soyqırımın beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Xocalının müdafiəsində iştirak etmiş veteranlar azsaylı döyüşçülərimizin mərkəzdən kömək gəlməməsinə baxmayaraq erməni quldur dəstələri və 366-cı alaya qarşı qəhrəmanlıqla döyüşdüklərindən, ancaq qüvvələrin, silah-sursat və hərbi texnikanın qeyri bərabər olduğu döyüşdə göstərdikləri fədakarlıqlardan danışıblar. Müasir gəncliyə vətənpərvəlik örnəyi olan Xocalı döyüşçülərinin xatirəsinin hər zaman xatırlanacağını bildiriblər. Onlar bu gün də döyüşə getməyə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Silahlı Qüvvələrimizin tərkibində torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını vurğulayıblar.

Məktəblilər Vətənə həsr olunmuş şeirlər oxuyublar.
Diaspora