Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair Sərəncam imzalayıb
Sərəncama əsasən:• müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;
• müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması nəzərdə tutulur.
Müqayisə üçün qeyd edək ki, əvvəllər II qrup əlilliyə görə müharibə əlilləri 157 manat təqüd alırdı.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az saytına verdiyi açıqlamada buna görə prezidentə təşəkkürünü bildirdiyini deyib. İctimai birliyin sədri bu sərəncamın gözlənilən olduğunu vurğulayıb: “Əslində bu sərəncam bizim üçün gözlənilən idi. Çünki cənab prezident vaxtaşırı müharibə əlillərinin, şəhid ailələrinin, veteranlarların sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atır, sərəncamlar imzalayır. Bütün bunlara görə cənab prezidentə, Ali Baş Komandana öz dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki bu addımlar ardıcıl olacaq. Çünki müharibə iştirakçılarının bir çox problemləri hələ də qalmaqdadır. Biz həmin məsələləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşü zamanı qaldırmışdıq“.