Mustafa Hacıbəyliyə hökm oxundu

Mustafa Hacıbəyliyə hökm oxundu backend

Baş redaktor növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirən Mustafa Hacıbəylinın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilməsini istəyib.

Məhkəmədə son söz deyən Hacıbəyli qeyd edib ki, elan olunmuş ittihamla özünü qətiyyən təqsirli bilmir:

"Mən özüm də bəraət tələb edirəm. Həmçinin bu 7 ay ərzində mənə qoyulan məhdudiyyətlərlə bağlı məhkəmənin təqdimat verməsini və cinayət işi açılmasını istəyirəm".

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Mustafa Hacıbəyli barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilib.

Bu iş üzrə daha iki qadın da eyni hal üzrə zərərçəkmiş kimi tanınıblar. Hər üç qadın Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayırlar.

Onlar şikayətçi olublar ki, onun rəhbərlik etdiyi saytda gedən məqalələr onlarda narahatlıq yaradıb.

İttihamda yazılır ki, M.Hacılı rəhbəri olduğu saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda yazılıb ki, M.Hacılı "Gəncə və Mingəçevirdəki hadisələr nəticəsində bəzi destruktiv qüvvələr arasında yaranmış vəziyyəti özü üçün əlverişli hesab edərək, vətəndaşlar arasında xaos və çaşqınlıq yaranmasına, ictimai-siyasi sabitliyin pozulmasına, kütləvi iğtişaşların törədilməsinə təsir göstərmək məqsədiylə" bu yazıları rəhbərlik etdiyi sayta yerləşdirib.

Daha sonra ittihamda göstərilir ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər və narahatlıq keçiriblər.

Elan olunmuş ittihamla Mustafa Hacılı özünü təqsirli bilməyib və indiki mərhələdə ifadə vermək istəməyib.

M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Musavat.com