Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisində tikilib istifadəyə verilmiş yeni yaşayış kompleksindəki mənzillərə məcburi köçkün ailələrin köçürülməsini davam etdirir.
Qaziler.az xəbər verir ki, bu məqsədlə fevralın 19-da Sumqayıt şəhərində növbəti püşkatma keçirilib.Dövlət Komitəsinin müvafiq komissiyasının təşkil etdiyi püşkatmanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri, jurnalistlər izləyiblər. Püşkatma vasitəsilə 200 məcburi köçkün ailəsinin hər birinin köçəcəyi bina və mənzilin nömrəsi müəyyənləşdirilib. İndiyədək onlar Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda yaşayıblar.
Tədbirdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda hər cür sosial-texniki infrastrukturu olan 100-dən çox yeni qəsəbə və yaşayış kompleksi onların istifadəsindədir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. Sumqayıt sakinləri ilə bir neçə gün əvvəl keçirdiyi görüşdə dövlətimizin başçısı şəhərdə müvəqqəti məskunlaşmış köçkün ailələri üçün bu il əlavə 2 min mənzildən ibarət yaşayış komplekslərinin salınacağını bildirib.
Bakı və Sumqayıt şəhərlərində hələ də qəzalı bina və tikililərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığının icrası davam etdirilir.
Püşkatmada iştirak edən Qubadlı rayonundan məcburi köçkün Xəyal Məmmədov, Laçın rayonundan Abdulla Ağaməliyev, Ağdam rayonundan Əlövsət Qurbanov, Füzuli rayonundan İkram Həziyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı və diqqət göstərən Prezident İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Burada yeni məktəb və uşaq bağçası da istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.