Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib

Dövlət Xidmətinin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ildönümü ərəfəsində Xidmətin Aparatının, həmçinin yerli idarə, şöbə və bölmələrinin əməkdaşlarının Heydər Əliyev Mərkəzini ziyarəti təşkil edilib.

Xidmətdən Qaziler.az-a verilən məlumata görə, ziyarətə gələn SHXÇDX-nin şəxsi heyətinə Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəz müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.

Nadir memarlıq nümunələrindən olan və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.

Mərkəzdə yaradılmış və məzmun orijinallığı ilə seçilən Heydər Əliyev Muzeyi ilə tanışlıq da Xidmət əməkdaşlarında böyük maraq doğurub. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti barədə maraqlı faktlar, foto və videomateriallar əksini tapır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyət kəsb edir.

SHXÇDX-nin şəxsi heyəti Muzeyin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.

Ulu Öndərin həyat və fəaliyyəti ilə yanaşı, ziyarətçilərə müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında və digər sahələrdə baş verən önəmli hadisələr barədə də məlumat verilib. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Heydər Əliyevin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilib. Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ulu Öndərin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Müasir Bakının simvolu olan Heydər Əliyev Mərkəzinə ziyarət tədbir iştirakçılarının hər birində xoş təəssürat yaradıb.
Diaspora