Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilir.
Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.