Göyçay sakininin öz şəxsi təsərrüfatında bəslədiyi qırqovullar hər kəsin marağına səbəb olub. APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Qaraman kəndində yaşayan 50 yaşlı İsmayıl Xələfov ovçuluğa və çöl quşlarına böyük marağı ilə tanınır.
Elə bu səbəbdən də 3 il əvvəl Qəbələ meşələrindən tutub gətirdiyi qırqovulları bəsləyərək artırmaq niyyətinə düşüb. Qapalı şəraitdə saxladığı qırqovulun yumurtalarından çıxan cücələri bəsləyən kənd sakini onların sayını artırıb. İsmayıl Xələfov ötən 3 il ərzində 500-ə yaxın qırqovul böyüdərək satdığını deyir. Hazırda həyətində 150 baş qırqovulun olduğunu deyən İsmayıl Xələfovun sözlərinə görə, aprel ayında quşların yumurtlama dövrüdür, bu səbəbdən onlar daha çox qulluq tələb edir.Qazanc əldə etmək üçün bəslədiyi qırqovulun birini 30-50 manata satan kənd sakininin işi bununla bitmir. O müştərilərə mütləq qırqovulları bəsləməyin və sayını artırmağın yollarını öyrədir. Son vaxtlar meşələrdə qırqovullara nadir hallarda rast gəlinir, İsmayıl Xələfov onların sayını 1000 başa çatdırmağı planlaşdırır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur. Həvəskarlar bəzən onu bəzək quşu kimi alaraq qəfəsdə saxlayırlar. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanırlar. Qeyd edək ki, 15 ildir kənd təsərrüfatı sahəsində çalışan İsmayıl Xələfov arıçılıqla da məşğul olur. Hazırda onun şəxsi təsərrüfatında 60 baş arı ailəsi var. O, rayonda arı südü istehsal edən yeganə arıçı kimi tanınır.