Tanınmış teleaparıcı, jurnalist İlham Tumas İctimai Televiziyada fəaliyyətə başlayıb.
Metbuat.az bildirir ki, jurnalistin özü bu barədə Feysbuk sosial hesabında məlumat paylaşıb. Bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində journalist Orxan Fikrətoğluyla birlikdə yeni bir layihəyə başlayıb:“Son 70 il ərzində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb eləyən, ictimaiyyətə açıqlanması məqbul hesab olunan əməliyyatları, açılmış cinayət işlərini əhatə eləyən “İstintaq davam edir” adlı sənədli telelayihəsinin birinci filminin çəkilişləri gedir. Əla sürprizlər olacaq.
Həm Sovet, həm də müstəqillik illərində hüquq-mühafizə, xüsusi xidmət orqanları tərəfindən həyata keçirilimiş hər hansı əməliyyatı, bu əməliyyatın iştirakçılarının qəhrəmanlığını ehtiva eləyən sənədli filmlərlə bağlı təkliflərinizlə bizə şərəf verərsiniz. Mövzu seçimində Sizinləyik! Gözləyirik!”.
Qeyd edək ki, İlham Tumas 1990-1992-ci illərdə Bakı Dövlət Universitetinin fizika və 1993-1996-cı illərdə isə universitetin sosial elmlər və psixologiya fakültəsində təhsil alıb. İxtisasca filosofdur.
1992-1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən jurnalist N saylı hərbi hissənin tərkibində əlahiddə “Qurtuluş” taborunda Tərtər, Ağdərədə vuruşub.
İlham Tumas 1996-2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə tağım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.
Müxtəlif mətbu orqanlarda, o cümlədən, “Avrasiya”, “Kino”, “Ayna”, “Panorama”, “Hürriyyət”, “Vətəndaş Həmrəyliyi”, “Xural”, “Ekspress”, “24 saat”, “Nota Bene” qəzetlərində çalışıb. 2008-ci ilin martından noyabrına qədər “24 Saat” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən “Bir qəzanın tarixçəsi” və Birinci Cümhuriyyət dövrünə dair “Cümhuriyyət qurbanları”, AzTV-də “Heydər Əliyevə apologiya”, “Naxçıvan həqiqətləri”, “Vanqa”, “Qorxulu Rasputin”, “İvanovka nümunəsi” və digər çoxsaylı sənədli filmlərin müəllifidir. “Salnamə” Sənədli Filmlər Studiyasinda “Təxəllüsü Mixaylo”, “Sualtı səltənət” sənədli filmlərinin redaktoru olub.
APA TV-də “İlham Tumasla 40 dəqiqə” müəllif-layihəsinin aparıcısı olub.