“Qarabağ qaziləri” birliyi, “Vətən Müharibəsi Əlilləri” birliyi, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf” Fondu Qarabağ əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair 28 yanvar 2019-cu ildə imzaladığı sərəncam və fərmanla bağlı prezidentə müraciət ünvanlayıbıar
Qaziler.az bildirir ki, müraciətdə deyilir:"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev cənablarına
Hörmətli, cənab Prezident!
Uzun illərdir şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və ümumiyyətlə vətənini sevən bütün insanları narahat edən çox ciddi bir problemin həlli ilə bağlı imzaladığınız şəhid ailələrinə “Birdəfəlik ödəniş”lə və onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı fərmanlarınız bütün Azərbaycan ictimayiətini olduğu kimi, bizi də sevindirmişdir. Şəhid ailələrinin görüşünə gedərək müjdəli xəbəri onlara verməklə yanaşı, onlara göstərdiyiniz diqqət və qayğı xüsusi ilə alqışlanmalıdır. Və biz də bunu alqışlayırıq!
Hesab edirik ki, vətənimiz uğrunda gözünü qırpmadan canını və sağlamlığını qurban vermiş vətən övladlarına göstərdiyiniz bu mötəbər davranış başda məmurlar olmaqla bütün ictimayiətə örnək və nümunədir. Tutduğu vəzifəsindən və məqamından asılı olmayaraq hər bir kəs Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və iştirakçılarına münasibətdə mütləq Sizdən nümunə götürməli və Sizin kimi davranmalıdır.
Cənab Prezident!
Müraciətimizin sonunda nəzərinizə çatdırmaq istəyirik ki, ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş Qarabağ əlillərinin də böyük əksəriyyətinin icbari şəxsi sığorta haqları ödənilməmiş qalmışdır.
Xahiş edirik yaxın gələcəkdə Qarabağ əlillərini illərdir narahat edən bu problemin - sığorta pullarının da ödənilməsinin təmin edilməsinə köməklik edəsiniz".