Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Açıq məhkəmə prosesində Müsavat başqanı Arif Hacılı, MSDM -in sədri İsa Qəmbər, ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solley, bir qrup Müsavat fəalları və jurnalistlər iştirak edib.Məhkəmədə istintaq orqanının şahid qismində cəlb etdiyi Bastainfo.com saytının əməkdaşı Tural Hacıbəyli ifadə verib. O, öz ifadəsində “Basta” saytının yaradıcı işlərinə qarışmadığını, sadəcə texniki problemlər yarandıqda onları aradan qaldırdığını bildirib.
Dövlət ittihamçısının “Yazıları sayta kim yerləşdirir?”, sualına Tural Hacıbəyli “Bilmirəm” cavabını verib.
Mustafa Hacıbəyli prokurorun bu suallarına etirazını bildirib: “Mən ifadəmdə bildirmişəm ki, “Basta” saytına yazıları mən qoyuram, ona görə bu sualları əhəmiyyətsiz sayıram, çıxarılsın.”.
Vəkil Osman Kazımov Tural Hacıbəylinin şahid kimi məhkəməyə cəlb edilməsinin heç bir əhəmiyyətinin olmadığını bildirib.
“İstər Tural Hacıbəyliyə verilən suallar, istərsə də onun verdiyi cavablardan görünür ki, onun ittihama heç bir aidiyyatı yoxdur”, -deyə Osman Kazımov bildirib.
Bu gün keçirilən prosesdə istintaqın cəlb etdiyi daha üç şahid- Zülfüyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidova ifadə verməli idilər. Lakin məhkəmənin katibi bildirdi ki, hər üç şahid dəvət olunsalar da, məhkəmə prosesinə gəlməyiblər.
Qeyd edək ki, həmin şahidlərin hər üçü Xəzər rayonunda qeydiyyatdadırlar. Onlar “Basta” saytında dərc edilən iki məqaləni oxuduqdan sonra həyəcanlandıqlarını bildirərək, Bakı Şəhər Prokurorluğuna Mustafa Hacıbəylinin barəsində tədbir görülməsi üçün ərizə ilə müraciət ediblər.
Şahidlər gəlmədiyi üçün məhkəmə təxirə salınıb.
Proses 5 fevral, saat 10:00-da davam edəcək.
Qeyd edək ki, 2018-ci ilin iyul ayında Mingəçevirdə baş vermiş qəza və Gəncədə icra başçısına edilən sui-qəsdlə bağlı “Basta” saytında “Turan” agentliyinə istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə ittiham elan olunub.
“Basta” saytı bloklanıb, baş redaktor polisin nəzarətinə verilib. (Bastainfo.çom)