Əzaları özlərindən qabaq Cənnətə gedənlərə...
Xeyli müddət Bakıdan uzaqda oldum. Baş qazi Ehtimad Əsədovun canından artıq sevdiyi Vətəndə - Azərbaycanda son mənzilə yola salmasını sosial şəbəkədən izlədim.Sanki ürəyimdən nəsə qopub düşdü. Əlimi uca Tanrının dərgahına açdım:
- Sənə neyləmişik, Allahım, niyə bizləri bu bəlalara düçar edirsən?! Seçirsən yaxşıları, qeyrəti, namusu ilə Vətəni sevənləri, iman gətirənləri, ədaləti, haqqı uca tutanları, əzaları özlərindən qabaq Cənnətə gedənləri aramızdan, sıralarımızdan tez aparırsan! Bizi və Vətənimizi kimsəsiz, dayaqsız qoyursan!
Sonra “Allaha asilik etmirəm, özü bilən məsləhətdir”, - deyə millətimə, soydaşlarıma Allahdan səbr diləyərək :
- Başın sağ olsun, Vətən! – dedim.
...Bu günlərdə telefonuma varlığı ilə düşməni lərzəyə salan, ruhu, qəlbi ilə vətən fədaisi Şəmistan Əlizamanlının əzəmətli səsi gəldi.
-Rəis Padaroğlu haradasan? - (O mənə həmişə belə müraciət edir) - Dostlar səni görmək istəyir.
“Gəlirəm” dedim.
Adətimiz üzrə Həsən dayının ( Elxanın ) kafesində görüşdük.
Qazilərimizdən Firidün Məmmədov,Mahir İbrahimov, Rey Kərimoğlu, Vətən müharibəsi iştirakçısı Vaqif Namazov və Şəmistan Əlizamanlı çay süfrəsinin arxasında söhbət edirdilər. Söhbət təbii ki, vətənin dərdlərindən, Şəhidlərimizdən, Qazilərimizdən, ağrı-acılarımızdan gedirdi. Mən içəri girən kimi, Rey Kərimoğlu özünəməxsus tərzdə: “Rəis, sən kitab oxuyansan, gəl, sənə bir kitab verim”, - dedi
Kitabın üz qabığında Baş Qazimiz Ehtimad Əsədovun hərbi geyimdə, gülərüz, lakin baxışlarından qayğı, kədər, nişgil və həsrət tökülən şəkilini gördüm. Bir anlıq dostların üzünə baxdım. Kitabın ağırlığı müvazinətimi pozdu. Özümdən asılı olmayaraq sağ əlimi gicgahıma aparıb hərbi qaydada Baş qazimi salamladım. Sonra dostlarla görüşüb söhbətə qoşuldum. Amma buna söhbət demək olmazdı. Bu vaxt ərzində acgözlülüklə kitabı vərəqləyir, Ehtimadın və digər Qazilərimizin şəkillərini gördükcə haldan-hala düşürdüm.
Kitabın tərtibçisi Rey Kərimoğlu, redaktoru Rəfail Tağızadədir.
Kitabın adını “Birinci...“ qoymuşlar. Bakıda, “Qanun“ nəşriyyatı tərəfindən 2018-ci ildə, 256 səhifədən ibarət çap olunmuşdur.
Kitabın annotasiyasında “ Qarabağ qaziləri“ İctimai birliyinin sədri, Azərbaycanın igid, qəhrəman oğlu, dönməz amal sahibi Ehtimad Əsədovun həyat və fəaliyyətinin kiçik bir hissəsi, onun çiyindaşları, silahdaşlarının qələmə aldığı yazıları, müsahibələri yer alıb.
Kitabın tərtibçisi, Qarabağ qazisi, istedadlı jurnalist R.Kərimoğlu “Əsgər ayağının səsi…“ yazısında E. Əsədovun bir fikrindən iqtibas gətirib: “Qarabağda itirdiyimiz əlimiz, ayağımız, gözumuz və başqa əzalarımız olmasa da, narahat olmayın, bu dünyadan köçəndə ruhumuz bədəndən tam, bütöv halda çıxacaq. “
Vətən dara düşəndə Rusiyada rahat həyat tərzini buraxıb, özünü odun-alovun içərisinə atan qeyrətli eloğlumuz, ləyaqətli Azərbaycan oğlu E.Əsədov polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda erməni quldurlarına, vandallarına qarşı döyüşlərin birində (1992-ci ildə) ağır yaralanır. Həkimlərin səyi nəticəsində çətinliklə də olsa ayağınının birini qoruyub saxlamaq mümkün olur. Bir ayağı isə Vətən torpağına tapşırılır. Özü demiş, “Müharibə hər kəsin taleyində izini qoyub… Amma biz döyüşçülərlə müharibənin sanki xüsusi hesabı varmış…Torpaqlarımızın 20 faizini itirdik. Biz qazilərsə həm də əzalarımızı… İndi Vətənə tən gəlirik. Vətən də yaralı, biz də yaralı“.
Məni məndən alan torpaq,
Səndə bir ayağım qalıb.
Söykənməyə divarım yox,
Səndə son dayağım qalıb.
E.Əsədov 1992-ci ildən etibarən əlinə silah alıb, düşmənlə vuruşmasa da daima əsgərlərimizin yanında, ön cəbhədə olub. Onlarla birlikdə yemək yeyib, döyüş təcrübəsini öyrədib, vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə əməli işlər görüb.
E.Əsədov həm də qazilərin probleminin həlli üçün ali orqanların qarşısında məsələlər qaldırıb, bunun üçün mücadilə edib.
1 fevral 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti H.Əliyevin gənclərlə görüşündə QƏC-nin sədri E.Əsədov təmsil etdiyi 6 min əlil adından çıxış edərkən ulu öndər çox diqqətlə onu dinləyərək tapşırıqlar vermişdi, çünki Ehtimad Əsədov öz çıxışında çox ciddi faktlar gətirmişdi: “Ona görə də mən İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə tapşırıram ki, bunların hamısını yoxlayın. Bu faktlar təsdiq edilsə, lazımı ölçülər götürülməli,tədbirlər görülməlidir. Bununla bağlı mənə mruzə etməlisiniz“...
Baş qazinin işləri bununla bitmirdi. O, daim öz yazılarında, çıxışlarında və müsahibələrində terrorizmə, ədalətsizliyə, sayğısızlığa, nahaq tökulən qanlara, haqsızlıqlara, müharibələrə qarşı etirazını bildirmiş, milli ləyaqətin qorunmasında imanlı olmağa səsləmişdir.
“Kar, kor, lal Avropa“, “ Vicdan məsələsində Şeyxə kömək“, “Korlar, karlar ttifaqının növbəti toplantısı..“, “Cənnət yolçuları“, “ Xainlərin niyyəti İrandır“, “Qaysaqlanmaz Vətən dərdi“ kimi yazıları və digər çıxış və müsahibələrində öz sözünü cəsarətlə demişdir.
Yazını “ Səsin canlı heykəli“ ( H.Şəmsizadə), “Zamanəmizin Triteyi“ (Əlirza Xələfli), Səmistan Əlizamanlının (sözləri M. Uruda məxsus) oxuduğu “Bir igid“ mahnısından bir parça ilə tamamlamaq istəyirəm.
Yurdu darda görən kimi,
Ərdi gəldi ərən kimi,
Yar qoynuna girən kimi,
Girdi torpağa bir igid!
Ruhunuz şad olsun, Baş Qazi!
Ruhunuz şad olsun,Vətən şəhidləri!
İsmayıl Həkimli (Padaroğlu)
Müharibə veteranı, istefada olan zabit