Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidləri anıldı

Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar şəhidləri anıldı backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda yanvarın 18-də keçirilmiş Elmi Şuranın geniş tərkibli iclası 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuşdu.

Tədbirdə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları iştirak edirdilər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirini giriş sözü ilə açan professor M.Rəhimova bildirdi ki, XX əsrin 80-ci illərində başlamış xalqımızın milli-azadlıq hərəkatının yeni mərhələsi ölməkdə olan imperiyanın hakim qüvvələrini qorxuya saldı. “Azərbaycan xalqının milli müstəqilliyə olan haqlı tələblərini, milli-azadlıq hərəkatının qarşısını almaq üçün Qorbaçov başda olmaqla imperiya qüvvələri qanlı repressiya vasitələrinə əl atdılar. 1990-cu ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında xüsusi qəddarlıqları ilə seçilirdilər. 20 Yanvar xalqımızın faciəsi olmaqla yanaşı eyni zamanda xalqımızın tarixində, Azərbaycan xalqının şücaətini, azadlıq yolunda fədakarlığını bütün dünyaya nümayiş etdirmiş növbəti qəhrəmanlıq səhifəsi idi” – deyə professor M.Rəhimova vurğuladı. Natiq çıxışını davam edərək vurğuladı ki, Ulu Öndərimiz Heydər Əliyev də xalqımızın təmsilçisi Bakıda və Azərbaycanın rayonlarında sovet ordusu tərəfindən dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş qırğından sonra Moskvadakı Azərbaycan nümayəndəliyində keçirilmiş mətbuat konfransında Qorbaçov rejiminin törətdiyi cinayətə qarşı etirazını bildirmişdi. Çıxışının sonunda professor M.Rəhimova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədi. Eyni zamanda İnstitutun direktoru əməkdaşları yanvarın 20-də təşkil olunacaq Şəhidlər Xiyabanının ziyarətində fəal iştirak etməyə çağırdı.

Daha sonra çıxış edən akademik Teymur Bünyadov 20 Yanvar hadisəsilə bağlı xatirələrindən danışdı. Akademik xüsusi vurğuladı ki, Azərbaycan xalqının minilliklər tarixində 20 Yanvar xüsusi yer tutur. Xalqımız bir daha göstərdi ki, tarixi keçmişimizdə olduğu kimi bu xalq düşmənə əyilməzdir və azadlığa olan haqqı uğrunda sona qədər mübarizə aparacaq. “Biz 20 Yanvar kimi tarixi faciələrimizi və qəhrəmanlığımızın nümayişi olan hadisələri unutmamalı, onlardan nəticə çıxarmalı, kimin bizim əbədi dostumuz və kimin əbədi düşmənimiz olduğunu dərk edib, gənc nəsillərimizə bu mühüm bilgini ötürməliyik”.

Söz almış tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov qeyd etdi ki, həmin dövrdə imperiyanın ərazilərində qalxmış xalq etirazlarını zorakılıqla boğmaq yolunu götürmüş keçmiş SSRİ rəhbərliyi, yalnız Azərbaycanda bu miqyasda qırğın törətmiş və məhz Bakıya yeridilən sovet hərbi hissələrinə SSRİ müdafiə nazirinin özü başçılıq etmişdir. Hərbi əməliyyatın əsas məqsədi Azərbaycan xalqının iradəsini qırmaq idi. Amma imperiya bu məqsədinə nail olmamışdı və əksinə, sonrakı hadisələr xalqımızın azadlıq uğrunda, torpaqları uğrunda mübarizəsinin daha da vüsətləndiyini göstərdi.
AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxışında bildirdi ki, elə bu gün səhər Respublika Ağsaqqallar Şurası üzvlərindən ibarət heyətin tərkibində Şəhidlər Xiyabanını ziyarət etmişdir. Professor V.Əliyev 20 Yanvar faciəsi ilə bağlı xatirələrini bölüşdü, Azərbaycan xalqının öz torpaqlarını işğalçılardan tezliklə təmizlənəcəyinə əminliyini bildirmişdir.

Tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov çxışında Yanvar hadisələrinin siyasi tarixi köklərindən söz açdı. Bildirdi ki, illər boyu Azərbaycan xalqının insanpərvərliyi erməni və imperiyanın ermənipərəst qüvvələrinin məkrli məqsədləri və həmlələri ilə üz-üzə gəlmişdi. Ə.Cəfərov xüsusi olaraq vurğuladı ki, Azərbaycan xalqı bu mübarizədə öz mədəniyyəti, insanpərvərliyi, elmi və fədakarlığı ilə həmişə olduğu kimi zəfər çalacaqdır.

Gənc elmi əməkdaş Afiq Abdullayev çıxışında bildirdi ki, Azərbaycan xalqı bütün dünyaya öz qədimliyini və bu yerlərin sahibi olmasını öz elmi ilə sübut edə bilər və alimlərimizin bu istiqamətdə araşdırmaları şəhidlərimizin canlarından keçdiyi böyük amalın gerçəkləşməsinə sonsuz bir töhvədir.
Diaspora