İki nəfəri bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Onun daha əvvəl də bir neçə dəfə eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edildiyi məlum olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1974-cü il təvəllüdlü İlqar Bəylərovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, İlqar Bəylərov əvvəlcə Səbail rayonu ərazisindəki Xırdalan kafesində Azər Abdullayevi bıçaqlayıb. Hadisə 2017-ci ildə baş verib.
Hadisəyə səbəb isə yeyib-içdikdən sonra tərəflər arasında mübahisənin düşməsi olub.
Bundan sonra isə İlqar Bəylərov 1 ildən çox müddətdə axtarışda olub. 2018-ci ilin yay aylarında tanışı İlqar İbrahimovla rastlaşıb.
İlqar İbrahimov ona yaxınlaşan İlqar Bəylərova xəbərdarlıq edib. Deyib ki, axtarışda olduğu üçün ona yaxınlaşmasın. Bu sözə İlqar Bəylərov əsəbiləşib və adaşını bıçaqlayıb.
İkinci cinayətindən sonra həbs edilən İlqar Bəylərova qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə təkrarən qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə ittiham irəli sürülüb.
İlqar Bəylərov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Birinci cinayəti özünü müdafiə etmək məqsədi ilə törətdiyini deyib.
Azər Abdullayevi bıçaqlamasının səbəbindən danışan İlqar Bəylərov bunları deyib: "Məni həmin kafeyə Azərin qardaşı çağırmışdı. Zəng elədi ki, gəl, çörək yeyək. Mən də getdim. Bir neçə dəqiqə sonra Azər və digər qardaşı gəldi. Onlar arasında pul üstündə mübahisə oldu. Mən də onları sakitləşdirmək istədim. Ara sakitləşəndən sonra oradan getmək istədim. Amma mübahisə yenə başladı. Əlbəyaxa olanda mən yenə onları sakitləşdirməyə çalışdım. Bu zaman Azər mənimlə mübahisə elədi. Sonra məni kafenin çölünə, ağaclıq əraziyə apardı. Bir əlini çiynimə qoydu. Bir əlini də arxaya aparanda mən onu bıçaqla vurdum. Fikirləşdim ki, məni vuracaq. Özümü müdafiə məqsədi ilə onu vurmuşam".
Suallara cavabında İlqar Bəylərov ətraflı danışmaq istəməyib. Deyib ki, zərərçəkmiş məhkəməyə gəlmədiyi üçün danışmaq istəmir: "Gəlsinlər, üzləşək. Nə olubsa, özləri danışsınlar. Mənim "panyatkam" imkan vermir ki, bəzi söhbətləri eləyim. Özləri gəlsinlər üzbəüz sözümüzü deyək".
Daha sonra isə İlqar İbrahimovu bıçaqlamasından danışan Bəylərov söyləyib ki, hadisə ittihamda göstərildiyi kimi olub: "Məni görəndə qışqırdı ki, axtarışdasan. Mən də buna əsəbləşdim. Ona görə də vurdum".
Məhkəmədə zərərçəkmiş İlqar İbrahimov da ifadə verib. O da hadisənin baş vermə səbəbini eyni ardıcıllıqla danışıb.
Qeyd edib ki, Bəylərova "sən axtarışdasan, məndən aralı dur" deyəndə aralarında mübahisə yaranıb: "O da mənə dedi ki, Həsənə borcun var, sən də apar camaatın pulunu ver. Mən ona axtarışdasan deyəndə yüksək səslə qışqırdım. O da buna əsəbləşdi".
İki bıçaq zərbəsi alan İlqar İbrahimov böyrəyinin çıxarıldığını söyləyib. O, hazırda şikayət və tələbinin olmadığını, Bəylərovu bağışladığını bildirib.
Məhkəmədə o da məlum olub ki, Bəylərov daha əvvəl də 3 dəfə adam bıçaqlamağa görə məhkumluq həyatı yaşayıb.
Əslən Cəbrayıldan olan İlqar Bəylərov Qarabağ döyüşlərinin iştirakçısı olduğunu söyləyib. O, heç vaxt ailə həyatı qurmayıb. Bəylərov 2016-cı ildə həbsdən çıxsa da onun məhkumluğu ödənməyib.
Məhkəmənin növbəti iclası yanvarın 22-də davam etdiriləcək.
Musavat.com