Şamaxılı gənclər Vətənin keşiyində ayıq-sayıq dayanmağa söz veriblər

Şamaxılı gənclər Vətənin keşiyində ayıq-sayıq dayanmağa söz veriblər backend

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.

Qaziler.az bildirir ki, yanvarın 11-də Şamaxıda təşkil olunan çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin şəxsi heyəti, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ağsaqqallar, gənclər, müharibə veteranları, valideynlər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Dövlət Himninin ifası ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Feyzullayev hərbi xidmətə yola düşən gəncləri təbrik edib. Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir. Qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevirilib.

Yolasalma mərasimində çıxış edənlər gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə ediblər.

Gənclər də öz növbələrində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.
Diaspora