Milli Qəhrəman Məhərrəm Seyidovun anım mərasimi keçirilib - FOTO

Milli Qəhrəman Məhərrəm Seyidovun anım mərasimi keçirilib - FOTO backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidovun anım mərasimi keçirilib

Qaziler.az bildirir ki, tədbir Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Səbail rayon şöbəsinin qərargahında olub.

Mərasim Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun təşkilatçılığı ilə keçirilib.

Seyidov Məhərrəm Mirəziz oğlu 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində doğulub. 1969-cu ildə buradakı Nəriman Nərimanov adına orta məktəbi bitirir. Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlayır. 1980-ci ildə Moskva Olimpiadasında ictimai əsayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılır.

Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışır. Polis kapitanı idi.

Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu da digər rayonlar kimi erməni quldurları tərəfindən atəşə tutulurdu.

1990-cı il yanvar ayının 16-sı... Erməni silahlı birləşmələri Kərki kəndində öz azğın əməllərinə başlamışdı. Minlərlə erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onlar daha da azğınlaşaraq, Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Təhlükə barədə Şərur rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olanda, bir qrup polis əməkdaşı hadisə yerinə göndərildi. Məhərrəm Seyidov da bu sırada idi. Yanvarın 18-də Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyuk itki vermişdi. Buna baxmayaraq, geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, xeyli ölən və yaralanan var idi.

Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək ücün Məhərrəm yenidən döyüşə atılır. O, güllə yağışı altında özünü Azərə yetirir. Onun özü də düşmən əhatəsində qalır. Çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxarır, lakin özü qəhrəmancasına həlak olur.

Ailəlidir. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı
fərmanı ilə Kapitan Seyidov Məhərrəm Mirəziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olmuşdur. Şərur rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şərur şəhərində adına küçə var, tuncdan büstü qoyulmuşdur. 2 saylı Şərur şəhər orta məktəbi onun adını daşıyır.
Diaspora