Yanvarın 7-də Mingəçevirdən olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Qaziler.az bildirir ki, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Mingəçevir şəhər şöbəsinin şəxsi heyəti, şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SHXÇDX Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik Şirvan Xasıyev Vətəni qorumaq kimi müqəddəs bir vəzifəni icra edəcək gəncləri təbrik edib. Həqiqi hərbi xidməti hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hərbi xidmətə yola düşən gənclərin şərəflə xidmət edəcəklərinə əmin olduğunu bildirib, onlara qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb.
Daha sonra çıxış edən müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə müvəffəqiyyətlər diləyib, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.