Mürvət Yusifov “Bəs onda soydaşlarımızın üzləşdiyi qanlı illəri – 1905-1907, 1915-1920-ci illəri və s. hara yazaq” sualına cavab istəyir
Son günlər Qərbi Azərbaycandan olan soydaşlarımızın deportasiya olunması ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Onlar arasında Anım Gününün müxtəlif tarixlərdə keçirilməsini təklif edənlər də var. Qərbi azərbaycanılardan bir qrupu Anım Gününün dekabrın 23-də, bəziləri isə 5-də keçiriblər. Beləliklə, bu günün keçirilməsi ilə bağlı müxtəlif mövqelər ortaya qoyulub. Məsələ ilə bağlı “Qərbi Azərbaycan” İctimai Birliyinin(QAİB) sədri Mürvət Yusifov deyib ki, dekabrın 23-də soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya olunmaları günü kimi qeyd etmək, o iddiada olanların tarixə yarımçıq yanaşmalarından irəli gəlir:- Onlar bunu SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” verdiyi 4083 saylı qərarla əlaqələndirirlər. Düzdür, həmin dövrdə Qərbi Azərbaycandan olan soydaşlarımızdan xeylisi Aran zonasına köçürüldü. Həmin ərəfədə onlardan çoxu iqlim şəraitinə uyğunlaşmayaraq dünyasını dəyişdi. Bir qismi geri qayıdaraq yenidən dədə-baba torpaqlarında məskunlaşdılar. Həmin dövrdə deportasiya Qərbi Azərbaycanı tam əhatə etmədi. Onlar tarixə yaxşı ekskursiya etsəydilər, görərdilər ki, Qərbi Azərbaycandan soydaşlarımızın rus-erməni hərbi birləşmələrinin vasitəsilə zorla çıxarılması 1905-1907, 1918-1920-ci illərdə də baş verib. Bunlar tarixi təhrif etməklə ya bilərəkdən, ya da bilməyərəkdən ermənilərin dəyirmanına su tökmüş olurlar. Onların bu yanaşmasından tarixi bilməyənlərdə belə bir fikir formalaşa bilər ki, elə həmin torpaqlarda ermənilər türklərlə çox mehriban yaşayıb, sonradan 1947-ci ildə deportasiyaya məruz qalıblar. Bəs onda soydaşlarımızın üzləşdiyi qanlı illəri – 1905-1907, 1915-1920-ci illəri və s. hara yazaq?
Bəs, tarixi torpaqlarımızda Rusiya çarı I Nikolayın 1828-ci il martın 21-də erməni vilayətinin təşkil olunması ilə bağlı imzaladığı fərmandan sonra xaricdən gətirilən ermənilərin hesabına soydaşlarımızın sıxışdırılıb çıxarılması tarixlərinə necə göz yumaq? Məgər çoxsaylı bəlalarımız torpaqlarımızın Çar Rusiyasının işğalından sonra başlamayıbmı? Bəs bunları hara yazaq?
Faciələrimizin tarixinə bu cür biganə yanaşmaqla, ermənilərin mənafeyinə tarix yazan bəzi üzdəniraqlarla, tariximizi saxtalaşdıranlarla eyni səviyyədə olduqlarını nümayiş etdirmirlərmi?”
- Mürvət bəy, mümkünsə açıq danışardınız, tariximizi saxtalaşdıranlar dedikdə kimi nəzərdə tutursunuz?
- Yəqin Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhmədlinin Qərbi Azərbaycanın tarixi, coğrafiyası, tarixi şəxsiyyətləri, toponimləri və s. barədə saxtalaşdırdığı, erməninlərin mənafeyinə xidmət edən nəşr etdirdiyi çap məhsulları barədə də xəbəriniz var. O, müdirinə arxalanaraq erməni arxivindən istifadə etməklə xalqın hissiyyatına toxunan məlumatları nəşr etdirdi. Çoxsaylı Qərbi azərbaycanlıların etirazına baxmayaraq, iftiralarını sonralar da davam etdirdi. Yer-yurdlarımızla bağlı həqiqətə uyğun olmayan xeyli informasiyalar onun nəşr etdirdiyi çap məhsulunda öz əksini tapdı. Həmin dövrdə mənim Rizvan Talıbovla ermənilərin xeyrinə nəşr edilmiş çap məhsuluna etirazını bildirməsi barədə danışıqlarımız oldu. Düzdür, o zaman o, məlum çap məhsulunun tariximizi saxtalaşdırmağa xidmət etdiyini desə də, qorxusundan səsini çıxartmadı, N.Əhmədlinin arxasında dayananlardan qorxdu. Faciələrimizin tarixinin başlanğıcını ən azından 120 il geri çəkməklə R.Talıbov və onun ətrafındakılar özlərinin yuxarıda adlarını çəkdiyim şəxslərlə bir səngərdə olduqları fikrini cəmiyyətdə formalaşdırmalı oldular.
Ötən il fevralın 4-də tədqiqatçı-jurnalist Qabil Zimistanoğlu ilə birgə “Tural” mərasim evində yurd yerlərimizlə bağlı təşkil etdiyimiz tədbir zamanı Talıbov əsas olmadan keçirdiyimiz tədbirin əleyhinə çıxışlar etməyə başladı, əks təbliğata keçdi, davranışları ilə bir daha özünün kimliyini təsdiq etmiş oldu.
Həmin gün 300-ə yaxın ziyalının iştirakı ilə tədbir baş tutdu. 1988-ci ilin dekabrında Qərbi Azərbaycandan soydaşlarımız kütləvi çıxarıldığı və ermənilər “türksüz Ermənistan” yaratdıqları üçün, tədbirdə yekdilliklə qərar qəbul edildi ki, hər il dekabrın 5-i qanlı deportasiya günü kimi qeyd olunsun. Bunun rəsmiləşdirilməsi üçün ölkə başçısına, Milli Məclisə, müvafiq qurumlara müraciətlər ünvanlandı. Xarici ölkələrin ölkəmizdəki səfirliyinə məlumatlar verildi və o cümlədən televiziyada və müxtəlf mətbu orqanlarada bu barədə informasiyalar səsləndirildi və yazılar dərc olundu. Müraciətdə həm də tədbirin keçirillməsi üçün yer ayırılması və deportasiya ilə bağlı xatirə kompleksinin inşa edilməsi məsələsi də öz əksini tapmışdı.
Onu da diqqətinizə çatdırım ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti soydaşlarımızın gəldiyi qərara hörmətlə yanaşaraq, dekabrın 5-ni müstəqil şəkildə Anım Günü kimi qeyd etdilər. Bu, tərəfimizdən təqdir edildi.
- Bəs təşkilat olaraq, əsas hədəfiniz nədir?
- Biz təşkilat olaraq imkan daxilində fəaliyyət dairəmizi genişləndirməyə çalışırıq. Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq niyyətindəyik və bu istiqamətdə addımlar atırıq. Ölkə daxilində yurd yerləri ilə bağlı bir sıra tədbirlər düzənləyir, xariclə əlaqələrimzi genişləndirmək üçün bir sıra Avropa ölkələrində nümayəndəliklərimizi yaratmağa çalışırıq. Artıq “QAİB” olaraq İspaniyada nümayəndəliyimiz fəaliyyət göstərir və adıçəkilən ölkədə rəsmən qeydiyatdan keçibr. Nümayəndəliyə rəhbərlik edən Vahid İmanov Qərbi Azərbaycan həqiqətlərini İspaniyada tanıtmaqdadır. Bundan başqa Türkiyənin bir neçə vilayətində də nümayəndəliklərimiz fəaliyyət göstərir. Hələlik fəaliyyətimzi yalnız sosial şəbəkələr üzərində qururuq. Vəsaitin olmamasına görə bir sıra layihələrimzin həyata keçirilməsi hələ ki, ləngiyir. Çalışacağıq ki, gələcəkdə bir sıra layihələri həyata keçirək. Əsas hədəfimiz isə əsirlikdə inləyən yurd yerlərimiz işğaldan azad olunanadək fəaliyyətimizi davam etdirmək, istəyimizə nail olmaqdır.
Musavat.com