“Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsilmir, özül qazılmır...bizi şantaj edirlər” - REAKSİYA

“Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsilmir, özül qazılmır...bizi şantaj edirlər” - REAKSİYA backend

Son günlər bəzi saytlarda, internet resurslarında Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində (Metronun “Əhmədli” stansiyasının yaxınlığında) hündür mərtəbəli binanın inşaası ilə əlaqədar ağacların kütləvi qırılması, ərazinin hasara alınması haqqında məlumatlar yayılmaqdadır.

Məsələ ilə bağlı QAZİLER.AZ saytının əməkdaşı ərazidə tikinti işləri aparan “Ressan” Mənzil Tikinti Kooperativinin təsisçilərindən biri, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri, 1 ci qrup Qarabağ qazisi Firidun Məmmədovla əlaqə saxlayıb.

F.Məmmədov bildirib ki, saytlarda və internet resurslarında yayılan məlumat həqiqəti əks etdirmir. Tikinti işləri aparılan ərazi ilə qonşuluqda yerləşən yaşayış binasının sakinləri adından cəmiyyəti çaşdıran qərəzli xəbərlər yayırlar. Qeyd edim ki, bizə qədər həmin ərazi kol-kos basmış bir yer idi. Əsasən narkomanların, əyyaşların yuvasına çevrilmişdi. Sözügedən ərazi hələ 2007-ci ildən “Ressan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınıb. 2013-cü ildən ərazidə yaşayış binasının inşaası üçün işlərə başlayıb. Bu məqsədlə qanun çərçivəsində bütün işlər görülüb, sənədləşmə işləri aparılıb. 2014-cü ildən ərazi hasarlanıb və yaşayış binasının inşasına başlanıb. O vaxt həmin ərazidə gözü və marağı olan bəzi adamlar qonşuluqdakı yaşayış binasının sakinlərini bizə mane olmaq üçün qızışdırıb müxtəlif addımlar atmağa sövq etdilər. Hətta o binada yaşamayan adamları belə avtomobillərlə əraziyə gətirib tikintiyə mane olmağa çalışırdılar. Biz də hər dəfə sakinlərə və gələn adamlara real vəziyyəti izah edib məsələni yoluna qoymağa çalışırdıq. Onlara başa salırdıq ki, yaşayış binaları tikilib qurtarandan sonra ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Uşaqların oynaması, dincəlməsi üçün müasir, rahat və gözəl avadanlıqlar quraşdırlacaq. Bütün bunlar layihəmizdə də nəzərdə tutulub. Əraziyə gətirilən öyrədilmiş adamlar ifşa edildi, yerli sakinlər də məsələnin mahiyyətini başa düşdülər və sakitləşdilər. Bir neçə ay əvvəl yenə maraqlı adamlar yalandan hay-küy salıb cəmiyyətə yanlış məlumatlar ötürdülər. Bir neçə gündür yenə başlayıblar. Guya ərazi hasara alındı, ağaclar kəsildi, özül qazılacaq və sairə. Axı həmin ərazi 2014-cü ildən hasara alınıb. Və hazırda da heç bir ağac da qırılmır. Bu günə qədər ərazidə yalnız-kol-koslar və qurumuş ağaclar təmizlənib. O işlər də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılıb. Artıq 1 yaşayış binasının inşası tam olaraq başa çatmış, 2-ci binanın inşassı isə yaxın aylarda başa çatacaq. Gələcəkdə aparılacaq tikinti işləri zamanı da ağaclar maneçilik törətmir. Əgər elə bir problem olacaqsa qanun çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəyik. Əslində bu məlumatları yaymaqla maraqlı adamlar bizi şantaj edirlər, qanuni işimizə mane olurlar. Əgər belə davam edərsə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

F.Məmmədov onu da bildirdi ki, artıq qonşuluqdakı binada yaşayan “narazı” sakinlərdən də onların inşaa etdiyi binadan mənzil alanlar var.

QAZİLER.AZ
Diaspora