Azərbaycanın dövlət sərhədini pozan 25 nəfər saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan 25 nəfər saxlanılıb backend

Cari ilin yanvar ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 24 halda 25 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanların 12 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Türkiyə, 2 nəfəri Tacikistan və 2 nəfəri Şri-Lanka vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 11 halda 17 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 222 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 15 kiloqram 242 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Yanvar ayının 2-də Cəlilabad rayonunun Dələli kənd ərazisindəki zastavanın xidməti sahəsində əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində 4 kq 100 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Yanvar ayının 8-də keçirilən əməliyyat tədbiri nəticəsində Cəlilabad rayonu ərazisində Masallı rayon sakinləri - 1973-cü il təvəllüdlü Cəbrayılov Ehtiram Vətən oğlu və onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Cəbrayılova Aynurə Tahir qızı “VAZ-2106” markalı avtomobildə saxlanılıb. Avtomobilə baxış zamanı yük yerində ümumi çəkisi 3,5 kq narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Yanvar ayının 22-də “Yalama” sərhəd nəzarət məntəqəsində Astara rayon sakini 1986-cı il təvəllüdlü Hüseynov Tural Rəhman oğluna məxsus əl yükünə baxış keçirilərkən 6 kq narkotik maddə olan həşiş qatranı aşkar olunaraq götürülüb.

Ay ərzində “Biləsuvar” sərhəd nəzarət məntəqəsində 5 halda 903 qram, “Astara” sərhəd nəzarət məntəqəsində 6 halda 653 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 66 halda ümumi dəyəri təqribən 734 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd “F-1”əl qumbarası, 1 ədəd tüfəng, 1 ədəd pnev­matik tapança, 1 ədəd travmatık tapança, travmatık tapança üçün 65 ədəd patron və 1 ədəd daraq, 10 ədəd 7,62 mm-lik patron, 67 kq barıt, 1 kq qırma, 10 ədəd 16 mm-lik giliz, 1 ədəd beşbarmaq, 2 ədəd elektro­keyləşdirici, 420.800 ABŞ dolları, 250 qram qızıl-zinət əşyaları, 40 ədəd kombi, 220 ədəd təzyiqölçən cihaz, 2 ədəd qayıq, 176 ədəd mobil telefon, 4245 qutu müxtəlif markalı siqaret, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Diaspora