Dondurmalarla bağlı ciddi nöqsanlar aşkarlanmasa da sərinləşdirici içkilərlə bağlı ciddi problemlər var.
Bakıda dondurma və sərinləşdirici içkilərin yoxlanışlarına başlanılıb.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının ANS PRESS-ə verdiyi məlumata görə, yoxlamalar zamanı bir neçə keyfiyyətsiz məhsul istehsal edən müəssisə aşkarlanıb. Yoxlamalar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti tərəfindən keçirilib.
“Yoxlamalar yay fəsli bitənə qədər mütəmadi olaraq keçiriləcək. Bu yoxlamaların daha səmərəli keçirilməsi üçün istehlakçılar da bizə kömək olmalıdır. Belə ki, keyfiyyətsiz, vaxtı ötmüş məhsul gördükdə dərhal aidiyyatlı orqanlara məlumat verilməlidir. Vətəndaşlar məhsulu alarkən onun sertifikatını və ürəyindəki qablaşmada problemin olmadığını dəqiqləşdirməlidir”, - deyə Fazil Talıblı bildirib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası əməkdaşları tərəfindən də yoxlamaların keçirilməsi nəzərdə tutulub. Lakin yoxlamalar ötən illərdəki kimi aparılmayacaq. Bu barədə Qurumun müdiri İmran Abdullayev ANS PRESS-ə bildirib.
“Əvvəllər yay mövsümü başlayarkən tələbatı artan qida məhsullarının yoxlanışlarına öz iradəmizlə başlayırdıq. Dondurma sexlərini, sərinləşdirici içki istehsal edən müəssisələri istədiyimiz vaxt yoxlayırdıq. İndi bu sahədə yeni qanun qüvvəyə minib. Yeni qanuna görə, sahibkarların fəaliyyətini ancaq ilin sonlarında, noyabr aylarının sonlarında yoxlanılsın. Bundan başqa, əgər hansısa məhsul haqqında şikayət daxil olarsa yoxlamalar aparılır. Buna da plandan kənar yoxlamalar deyilir. Sahibkarla özləri müraciət edərsə, bu zaman da onların məhsulları yoxlanılır və uyğunluq sertifikatı verilir. Hələlik keyfiyyətsiz məhsulllar barədə məlumat daxil olmayıb”, - deyə İmran Abdullayev bildirib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə açıqlamasında isə bildirib ki, artıq təmsil etdiyi nazirlik tərəfindən də sərinləşdirici içkilər və dondurmaların monitorinqinə başlanılıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yay fəsli bitənə qədər yoxlamalar davam edəcək. Abbas Əliyevin sözlərinə görə, hələlik yoxlamalar zamanı neqativ hala rast gəlinməyib.
Lakin Dövlət Xidməti yenə də vətəndaşları dondurma alarkən diqqətli olmağı tövsiyyə edir. İstehlakçılar dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumalıdırlar. Eyni zamanda, dondurma alarkən onun forması, saxlanma şəraitinə və nəhayət dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristllarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.
“Yay mövsümünün başlaması ilə əlaqədar əhalinin sərinləşdirici içkilərə və dondurmaya olan tələbinin çoxalması ilə əlaqədar dövlət xidməti artıq xeyli müddətdir bazarda intensiv nəzarət xidmətləri həyata keçirir. Aparılan monitorinq nəticəsində sərinləşdirici içkilər bazarında bir çox nöqsanlar aşkarlanıb. Lakin dondurma bazarında hələlik ciddi bir nöqsan aşkarlanmayıb”,- deyə Abbas Əliyev bildirir.
Dövlət Xidməti istehlakçılara dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumağı tövsiyyə edir.
Qeyd edək ki, dondurma satışı ilə əlaqədar hər hansı pozuntu hallarına rast gəldikdə müvafiq dövlət qurumların qaynar xəttlərinə müraciət edə bilərsiniz. İqtisadi İnkişaf Nazirliyinin qaynar xətti: 012 195-2, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qaynar xətti 012 963.