Nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət üzvləri, qeyri-hökumət təşkilatları, millət vəkilləri, sosial tərəfdaşlar, ayrı-ayrı beynəlxalq qurumlar və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət üzvləri, qeyri-hökumət təşkilatları, millət vəkilləri, sosial tərəfdaşlar, ayrı-ayrı beynəlxalq qurumlar və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə güllər düzülüb.



Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.



Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Filmdə 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, ölkədə həyata keçirilən və genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərinin güclənməsindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmin təcəssümü olan və sosial müdafiə və reabilitasiya sahələri də əhatə edən təşəbbüs və layihələri filmdə əksini tapır.



Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib.

Ə.Əhmədov son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu sosial siyasət həyata keçirildiyini vurğulayıb. O, əhalinin sosial müdafiəsinin, məşğulluğun təmin olunması, rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə geniş vəzifələr düşdüyünü, bu vəzifələrin icrası yönündə nazirliyin məqsədyönlü işlər apardığını, əmək və sosial təminat sisteminin inkişafı üçün mühüm islahatlar həyata keçirdiyini qeyd edib, nazirliyin 100 illik yubileyi münasibətilə xoş arzularını çatdırıb.



Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir Azərbaycan eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir.



Son 15 ildə sosial təminat sisteminin ildən-ilə gücləndiyini və əhatə dairəsinin genişləndiyini bildirən nazir 2018-ci ilin ötən dövründə əldə olunan nəticələri də diqqətə çatdırıb. O deyib ki, bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təmin olunub. Dövlət başçısının tapşırığına uyğun olaraq gələn il yeni bir istiqamət kimi ölkəmizdə “İşsizin dostu” proqramına başlanacaq ki, bu proqram 30 minədək işsiz vətəndaşın ödənişlə ictimai işlə təminatına imkan yaradacaq.



Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb.

S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd tələb olunmadan, avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verəcək. Başqa sözlə, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.
Həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq.

S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə səbəb olub. Həmçinin bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3,1 min nəfərinin 4 mindən çox vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirlir.

S.Babayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial müdafiə və reabilitasiya sahələrində aparılan işlərə dəstək məqsədli layihələrindən bəhs edib, xüsusilə də bu layihələrin həssas qruplara, sağlamlıq imkanları məhdud uşaqlara, valdeyn himayəsindən məhrum gənclərə qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb.



Qeyri-rəsmi məşğulluğun qarşısının alınması işlərindən bəhs edən S.Babayev bu işlər, həmçinin məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi ilə işləyənlərin sayının 100 min nəfərə yaxın artdığını deyib. Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib. S.Babayev əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi yönündə aparılan işləri də diqqətə çatdırıb. O, görülən tədbirlərin nəticəsi olaraq, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayının ilin birinci rübünə nisbətən 61,3 faiz, həmçinin I qrup əlillik üzrə 75,8 faiz azaldığını bildirib.

Fiziki məhdudiyyətli insanların sosial yönümlü reabilitasiya tədbirlərinə cəlb olunması işlərinin genişləndirildiyini qeyd edən nazir bildirib ki, sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin məlumatları əhatə edən ilk kitab-albom - “Əlillik qüsur deyil” kitab-albomu Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr etdirilib. Həmçinin əsasən əlilliyi olan yaradıcı insanları birləşdirən ƏSA teatrına müvafiq dəstək verilir.



S.Babayev qeyd edib ki, 2018-ci ildə ölkədə ilk dəfə olaraq elektron sosial reyestr, e-sosial internet portalı yaradılıb. Vətəndaşlar bu portal vasitəsilə nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlar barədə formalaşmış və saxlanılan məlumatlara çıxış imkanı əldə edə, nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, elektron xidmətlərdən real rejimdə yararlana bilərlər. Həmçinin hazırda vahid məşğulluq portalı, habelə onun tərkib hissəsi kimi nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi yaradılır.

Nazir vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasını nəzərdə tutmaqla bu istiqamətdə mühüm innovativ yeniliyə yol açıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin, yəni nazirlik üzrə artıq pasportları hazırlanmış 124 xidmətin bir pəncərədən, tam şəffaf, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlarla təqdim olunmasına, ölkəmizin yeni bir brendinin formalaşmasına imkan verəcək. DOST layihəsinin reallaşdırılması üçün bütün hüquqi, institusional, texniki hazırlıq işləri başa çatmaqdadır. 2019-2025-ci ildə paytaxtda və bölgələrdə ümumilikdə 31 “DOST” mərkəzi açılacaqdır.



Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin bir qrup əməkdaşının fəxri ad və “Tərəqqi” medalı ilə təltif edilmələrinə görə dövlət başçısına təşəkkürünü ifadə edib, bu Sərəncamların əmək, məşğulluq, sosial müdafiə sahəsində çalışan insanların əməyinə yüksək dəyər verilməsinin təzahürü olduğunu vurğulayıb.

Hazırda keçirilən konfransın əhəmiyyətindən bəhs edən nazir konfransa ümumilikdə 20-yə qədər ali təhsil və elmi-təqdiat müəsissələrindən 120-dən çox məqalənin təqdim olunduğunu, bunun da konfransın mövzusuna böyük marağın göstəricisi olduğunu deyib, konfransın işinə uğurlar arzulayıb.

Konfransda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev çıxış edib, əmək və sosial müdafiə sahəsində aparılan islahatların əhəmiyyətindən bəhs ediblər.

Sonra Nazirliyin strukturlarında uzun illər səmərəli fəaliyyəti ilə seçilən işçilər və müvafiq sahənin təşviqində fəal iştirak edən “Sosial elçilər” mükafat və diplomlarla təltif olunublar.



Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli KİVDF ilə nazirlik arasında səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını vurğulayıb, əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə geniş ictimai məlumatlandırmanın aparılmasını, bu sahədə KİV-lə birgə ardıcıl işlər aparılmasının təqdirəlayiq olduğunu qeyd edib. O, bu məqsədlə KİVDF ilə nazirliyin birgə fərdi jurnalist yazıları müsabiqələrinin də təşkil olunduğunu, yubiley münasibətilə də “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqənin təşkil edildiyini deyib.

Müsabiqədə I yeri tutmuş Azad Əliyevə ("Həftə içi" qəzetinin redaktoru), II yeri tutmuş Gülnarə Məmmədovaya ("Bizim Yol" qəzetinin müxbiri) və Orxan İsrafilova ("İki sahil" qəzetinin bölmə müdiri), III yeri tutmuş Ziyadxan Həsənova ("AZƏRTAC" İnformasiya Agentliyinin bölmə müdiri), Günel Cəlilovaya ( "Bakı-Xəbər" qəzetinin müxbiri) və Nardar Bayramova ("Yeni Azərbaycan" qəzetinin müxbiri) diplom və mükafatlar, həmçinin Məğrur Əliyevə (“Kaspi" qəzetinin baş redaktor müavini), Aysel Oğuza (“Olaylar" qəzetinin şöbə müdiri), Minarə Hacıyevaya ("Səs" İnformasiya Agentliyinin şöbə müdiri), Mahir Zeynalova ("Xalq Cəbhəsi" qəzetinin redaktoru) və Rüfət Sultana ("Mövqe" qəzetinin müxbiri) təşəkkürnamə və həvəsləndirici mükafatlar təqdim olunub.

Konfransın I sessiyası “Sosial müdafiə sistemi və onun əsas prioritetləri” mövzusuna həsr olunub. Sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Dövlət Universitetinin professoru, “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, iqtisad elmləri doktoru Vilayət İsmayılov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Fatoş Hande Harmançının məruzələri dinlənilib.

II sessiyada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fazil Hacıyev, “Azərbaycan Respublikasında məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin müşaviri Audra Mikalauskayte, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin dissertantı Vəsilə Xəlilova məruzələrlə çıxış ediblər.
Hər iki sessiyada məruzələr əsasında müzakirələr aparılıb.


Diaspora