Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məllumata görə, bu gün nazirlik tərəfindən Bakının Qaradağ rayonunda daha 200 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim olunmasına başlanılıb.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət bütün istiqamətlərdə Azərbaycana mühüm tarixi nailiyyətlər qazandırıb, respublikamızın sürətli sosial-iqtisadi inkişafına səbəb olub. Dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin dayanması Azərbaycanın sosial dövlət statusunun, ölkədə dinamik inkişaf şəraitində aparılan sosial siyasətin ildən-ilə güclənməsinə, bunun bir göstəricisi olaraq, respublikada etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan verib.
S.Babayev diqqətə çatdırıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsi, o cümlədən onların mənzillə təminatı istiqamətində tədbirlərin gücləndirilməsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi əsas vəzifələrdəndir. Dövlət başçısının bu sahəyə xüsusi qayğısının növbəti göstəricisi olaraq, cari ildə nəzərdə tutulduğundan əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzilin verilməsi təmin edilib. 2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillinin mənzillə təminatı həyata keçiriləcək.
mumilikdə bu gün şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi üçün digər istiqamətlərdə də işlərin aparıldığını qeyd edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti mühüm humanist təşəbbüsü kimi şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin davam etdirildiyini və bu ödənişin şəhid ailələrinin rifahına mühüm dəstək olduğunu bildirib.
S.Babayev bu gün – cənab Prezidentin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim olunmasının da həmin insanlara daha bir Prezident qayğısı, daha bir Prezident hədiyyəsi olduğunu vurğulayıb.
Nazir bu sahədə tədbirlərin, ümumən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə işlərin qarşıdakı dövrdə uğurla davam etdiriləcəyini bildirib.
Yeni mənzillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim onlara xüsusi diqqət və qayğı göstərən Prezident cənab İlham Əliyevə doğum günü münasibəti ilə təbriklərini və xoş arzularını ifadə ediblər. Onlar həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlərə, xüsusilə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara mənzillər hədiyyə edilməklə böyük fərəh hissi bəxş olunduğuna görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Sonra mənzillərin püşkatma yolu ilə paylanması həyata keçirilib.