Dekabrın 21-də Ucarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Qaziler.az bildirir ki, hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi daşıyan tədbir, rayon ictimaiyyəti və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin, şəhid ailələri üzvlərinin və Qarabağ müharibəsi veteranlarının iştirakı ilə təşkil olunub.Heydər Əliyev Mərkəzində keçirilmiş tədbir Dövlət Himninin ifası ilə başlayıb. Sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva çıxış edərək, Xidmətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini qeyd edib, vətənpərvərlik tərbiyəsi sahəsində Ucar rayonunda görülən işlərdən danışıb. Bildirib ki, müharibə vəziyyətində olan ölkəmizdə gənc nəslin vətənpərvərlik tərbiyəsi hər zaman prioritet əhəmiyyət daşıyır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov əvvəlcə Xidmət tərəfindən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər haqqında məlumat verib. Sonra SHXÇDX-nin fəaliyyət istiqamətlərindən bəhs edib, elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, SHXÇDX tərəfindən hazırda bir neçə istiqamət üzrə elektron xidmətlər göstərilir. Bu xidmətlərdən istifadə etmək üçün www.seferberlik.gov.az internet saytına və ya "Elektron hökumət" portalına müraciət oluna bilər.
Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev vurğulayıb ki, cəmiyyətimizin bütün sahələrində fəallıq göstərərək, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması işinə əhəmiyyətli töhfə verən gənclərin hərbi peşəyə marağı ildən-ilə artmaqdadır. Ali hərbi təhsil almaq istəyən, həmçinin ehtiyata buraxılmış gənclərin yenidən Silahlı Qüvvələrə müddətdən artıq hərbi xidmətə qəbul ilə bağlı müraciətlərinin artması cəmiyyətimizdə yüksək hərbi-vətənpərvərlik ruhunun nümunəsidir.
Tədbirdə rayonda gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərinə və nailiyyətlərinə görə bir qrup şəxsə diplom və xatirə hədiyyələri təqdim olunub.
Tədbir hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və məktəblilərin hazırladıqları ədəbi-bədii proqramla davam etdirilib.