“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı keçiriləcək

“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı keçiriləcək backend

“Şərəfli Ömrün Anları” adlı tədbir – sərgi ilə yanaşı müəllifi tanınmış Sloveniya yazıçısı Peter Amalietti olan, yeni nəşr “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı da keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 iyun 2018 –ci il Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən Azərbaycan İstiqlal Muzeyində 20 dekabr 2018 – ci il saat 12.00 - da “Şərəfli Ömrün Anları” adlı tədbir – sərgi ilə yanaşı Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə (tərcümə edən Fərhad Abdullayev) tərcümə edilmiş, müəllifi tanınmış Sloveniya yazıçısı Peter Amalietti olan, yeni nəşr “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabının təqdimatı da keçiriləcək. Kitab 2013- cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rus dilində işıq üzü görüb. 2018 – ci ildə Azərbaycan Tərcümə Mərkəzinin təşəbbüsü ilə tərcüməçi Fərhad Abdullayev tərəfindən dilimizə tərcümə olunub.

Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo (22 dekabr1918, Novxanı, Bakı, AXC–2 noyabr 1944, Vitovle Sloveniya) — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.

Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Tədbirdə Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 № - li məktəbin şagirdlərinin hazırladığı bədii hissə nümayiş etdiriləcək.

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş “Şərəfli Ömrün Anları” sərgisində qəhrəmanın ömür yolunu özündə əks etdirən, qəhrəmanın bacısı oğlu Mehdi Əzizbəyov tərəfindən muzeyə daimi verilmiş, muzeyin fondlarında saxlanılan və tədqiqatçılardan əldə edilmiş 100 – dən artıq foto və sənədli materiallar nümayiş etdiriləcək. .

Tədbirdə Mehdi Hüseynzadənin yaxın qohumları, 19 № - li məktəbin müəllim və şagird heyəti iştirak edəcəklər.

Diaspora