Anar Məmmədov həbs olunur - Millət vəkili açıqlama yaydı

Anar Məmmədov həbs olunur - Millət vəkili açıqlama yaydı backend

Anar Məmmədov barəsində cinayət işinin açılması və bu işin Bakı Ağır Cinayətlər məhkəməsində baxılacağı xəbəri məni qətiyyən təəccübləndirmədi.

Çünki bu şəxs baş redaktoru olduğu "Criminal.az" və "Criminalaz.com" saytlarında həqiqəti əks etdirməyən yanlış məlumatlar dərc edərək, çox vaxt təxribat törətməklə məşğuldur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundovanın mediaya açıqlamasında bildirib. Millət vəkili deyib ki, o dövlətə, bir sıra dövlət adamlarına qarşı yönələn yalan və böhtan xarakterli məlumatlar yayaraq çox ciddi qanun pozuntuları törədib:

“Anar Məmmədov o cümlədən uzun müddətdir ki, mənim və ailəm haqqında da yanlış məlumatlar yayır. Keçən ilin payızında onun saytı hətta Fövqəladə Hallar Nazirliyi kimi yüksək dövlət qurumunun rəsmi cavabını saxtalaşdırmaqdan belə çəkinməmişdi. Və bu dezinformasiyanı həmin qurum adından oğlum Həbib Axundov haqqında verilən rəsmi cavab kimi təqdim edərək, öz saytlarında yayımlamışdı. Bu barədə bizim vəkillərimiz FHN-dən rəsmi məlumat almışdılar. Biz bilirik, o, bu dezinformasiyanı kimlərin sifarişi ilə yayaraq ictimailəşdirmişdi. Bu barədə biz vaxtında Mətbuat Şurasına şikayət etmişdik və MŞ Anar Məmmədova ciddi xəbərdarlıq etmişdi. Mənim özümə isə məsləhət görülmüşdü ki, biz şantajçını 147-ci maddə ilə məhkəməyə verək. Lakin mən Anar Məmmədovun hər halda jurnalist olmasını nəzərə alaraq, bu addımı atmamışam. O isə mənim humanist yanaşmamdan qətiyyən nəticə çıxarmadı”.

Millət vəkili bütün jurnalistlərə müraciət edib və hər hansı bir üçüncü qüvvələrin əlində alətə çevrilməməyə çağırıb:

“Jurnalistlərə üzümü tuturam, üçüncü qüvvələrin əlində alətə çevrilməsinlər, hakim və prokuror funksiyalarını öz üzərlərinə götürməsinlər, cəmiyyətdə özünü təsdiqləmiş, hörmət qazanmış insanları əbəs yerə ləkələməyə çalışmasınlar. Bu barədə Milli Məclisdə dəyərli həmkarlarım da dəfələrlə öz etirazlarını bildiriblər. Bu cür qanun pozuntularına yol vermək cinayətdir və belə insanlar heç vaxt cəzasız qalmayacaqlar. Bizə və digər şəxslərə qarşı ədalətsiz mövqe tutan, şantajla məşğul olan bir sıra mətbu orqanların rəhbərləri artıq layiqli cəzasını alıblar. Misal kimi, “Gündəlik Bakı”nın baş redaktoru Habil Vəliyev və digərlərini göstərmək olar. Arzu edirəm ki, bu siyahıya yeni adlar əlavə edilməsin”.
Diaspora