"Ev sahibi kirayəşinə etibarnamə verəcəksə, kirayəçi pulu götürə bilər" Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı prezident İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdı.
Sərəncama əsasən, hadisənin baş verməsi səbəblərini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməli, zərər çəkənlərin əmlakına dəymiş ziyan 15 gün müddətində hesablanmalı, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməli, yanğında təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilməlidir.Dövlət başçısının qərarı ilə yanğında ölən şəxslərin ailəsinə 15 min, xəsarət alanlara 5 min, mənzil sahiblərinə isə birdəfəlik 20 min manat təzminat verilməsi nəzərdə tutulur.
Lent.az-ın məlumatına görə, yanan binada yaşayan 57 ailədən 31-i artıq nəzərdə tutulan 20000 manatı alıb. Binada kirayə yaşayan 8 ailədən 3-nə nəzərdə tutulmuş kompensasiya ödənilib.
Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin rəisi Zülfəli İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, binada kirayə qalan sakinlərlə ev sahibləri arasında qarşılıqlı razılaşma olmadan nəzərdə tutulan kompensasiya ödənilməyəcək: “Nəzərdə tutulan kompensasiya mənzil sahiblərinin hesabına köçürülür. Kirayə qalan ailə ilə mənzil sahibi arasında heç bir icarə müqaviləsi yoxdur ki, kirayə qalan şəxsin ora hansı əşyanı gətirdiyi sübut olunsun. Rəhbərliyin qərarı ilə bu məsələ kirayəşinlə ev sahibi arasında razılaşma əsasında həll olunmalıdır. Razılıq olandan sonra icazə veriləcək ki, ev sahibi pulu bankdan götürsün. Ev sahibinin kirayə sakinə nə qədər pul verəcəyi öz işidir. Öz insaflarına qalıb” .
Z .İsmayılovun sözlərinə görə, vəsait yalnız mənzil sahiblərinə ayrılıb: “Mənzil təmir olunub verildikdən sonra da mənzil sahibi olduğu üçün əlavə 20 min veriləcək. Sonda narazılıq yaranacaqsa, bu məsələ məhkəmə müstəvisində həll olunacaq. Ev sahibi kirayəşinə etibarnamə verəcəksə, kirayəçi pulu götürə bilər. Razılaşma olmayacaqsa, məhkəmə qərarına uyğun olaraq bu məsələ bağlanacaq”.
Şöbə rəisi xəsarət alanlar üçün ayrılan 5 min manat təzminat məsələsinə də toxunub. O bildirib ki, yalnız həmin şəxslərin xəsarət alması ilə bağlı Səhiyyə Nazirliyi və Baş prokurorluq tərəfindən arayış alındıqdan sonra onlara nəzərdə tutulan 5 min manat təzminat ödəniləcək.
İcra nümayəndəsi binanın təmirinin 5-6 ay müddətində bitəcəyini də nəzərə çatdırıb.